Məşhur fotojurnalist Reza Deqati Kəlbəcərə səfər edərək, ikisi jurnalist olmaqla Azərbaycanın 3 mülki vətəndaşının minaya düşərək şəhid olduğu əraziyə baş çəkib.
“Report” xəbər verir ki, o, təəssüratlarını instaqram səhifəsində yazıb.
R.Deqati bildirib ki, iki azərbaycanlı jurnalist ermənilərin Qarabağda yerləşdirdikləri milyonlarla minadan birinə düşərək şəhid olublar: "Ermənilər hərbi məğlubiyyətdən sonra regionu tərk etməzdən öncə ərazilərə minlərlə yerüstü mina və tələ mina yerləşdiriblər. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına zidd olaraq Ermənistan hökuməti mina sahələrinin xəritələrini verməkdən imtina edir, bununla da yüzlərlə insanın, xüsusilə də mülki şəxslərin ölümünə və şikəst olmasına, həmçinin regionun bərpa edilməsi və məcburi köçkünlərin geri qayıtması prosesinin ləngiməsinə səbəb olur”.
Fotoqrafın minaya düşərək partlayan “KamAz”ın fonunda paylaşdığı videonu 1 saat ərzində 30 min nəfərdən çox insan izləyib.
Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Çiçək Məmmədova