Xronika: Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi

Xronika: Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Qarabağ
24 Oktyabr , 2024 01:25
Xronika: Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Genosid” haqqında filmə qarşı çıxan Paracanova Dəmirçiyan qadağa qoydu” adlı süjetdə erməni əsilli kinorejissor Sergey Paracanovun Azərbaycanı, onun mədəniyyətini sevdiyinə, Bakı və Şəkidə çəkdiyi “Aşıq Qərib” filminə görə şəkillərinin ermənilər tərəfindən yandırılmasından bəhs olunur.

Bildirilir ki, azərbaycanlılardan film çəkdiyinə görə söyülən, İrəvanda şəkilləri yandırılan, ukraynalılara görə rus həbsxanasında yatan, Gürcüstanda doğulan S.Paracanovu ermənilər təhqir edirlər: “Çünki erməni rejissor Bakıda çəkiliş edərkən bəstəkar Cavanşir Quliyevin musiqisinə, muğam ifaçısı Alim Qasımovun ifasına heyran qalıb, “Genosid” haqqında filmə qarşı çıxıb. O, Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan edib. Ona görə də Ermənistan rəhbərliyi S.Paracanova qadağa qoyub. Bunlara rəğmən erməni rejissor deyib: “Aşıq Qərib” vəsiyyətim, filmdəki Azərbaycan musiqisi mənim səsimdir”.

Sonda vurğulanır ki, İrəvanda ermənilər məscidlərimizi dağıdanda, yandıranda erməni rejissor Bakıda, Şəkidə bədii filmin çəkilişini aparır, Azərbaycanın sənət adamları, qurumlar, sadə insanlar ona kömək edirdilər. Paracanovun sevgi haqqında çəkdiyi uğurlu “Aşıq Qərib” bədii filmi məhz azərbaycanlıların sevgiyə, ədəbiyyata, incəsənətə olan münasibətini göstərir. “Aşıq Qərib”in İrəvanda Göy məsciddə olan çəkilişləri isə azğın erməni millətçilərindən gizli aparılırdı. Təbii ki, Paracanov Tiflisdə, azərbaycanlı və gürcülərin bərabər yaşadığı məhəllədə doğulub, böyüməsəydi, belə miqyasda rejissor və sənətkar ola bilməzdi. Erməni xəstəliyi onu da vandala, mədəniyyət talançısına çevirəcəkdi”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 23-də saat 21:30-da YouTube kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi