Rusiyanın əsl niyyəti Cənubi Qafqazda, həmçinin Ukraynada öz sərhədləri boyu, yəni Moskvanın ənənəvi olaraq öz təsir dairəsi hesab etdiyi regionlarda Qərbin təsirini azaltmaqdır.
“Report” xəbər verir ki, bu barədə Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuşun “Anadolu” agentliyində dərc edilən məqaləsində deyilir.
“Moskvanın təşəbbüsləri səmimiyyətdən uzaqdır. Məsələn, Rusiya vaxtaşırı Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar aparır, tərəfləri üçtərəfli bəyanatların müddəalarına əməl etməyə çağırır. Daha bir oxşar görüş Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar apardığı MDB sammitində baş tutub”, - o qeyd edib.
Y.D.Bozkuşun fikrincə, Rusiyanın düşüncəsində “problem” məhz Böyük Britaniya, ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrinin siyasəti olaraq qalır.
O hesab edir ki, Avropada enerji böhranı fonunda Azərbaycanın neft və təbii qaz tədarükü baxımından artan əhəmiyyəti, həmçinin Bakının Qərblə konstruktiv əlaqələri Moskvanı bölgədə daha ehtiyatlı addımlar atmağa vadar edə bilər: “Moskvanın Laçın yolu ətrafındakı vəziyyətə münasibəti Türkiyə-Ermənistan münasibətlərində də özünü göstərir”.
Türkiyəli ekspert vurğulayıb ki, Laçın yolu ilə bağlı vəziyyət həm Moskvanın Qərblə, həm də İrəvanın Ankara və Bakı ilə münasibətlərində vacib amilə çevirilir.
O qeyd edib ki, Türkiyənin bölgədə artan rolu Laçın yolunda yaranmış vəziyyətlə bağlı Fransa siyasətçilərinin Azərbaycana qarşı mənfi reaksiyasının formalaşmasında mühüm rol oynayır: “Cənubi Qafqazda 44 günlük müharibə zamanı Türkiyənin tutduğu mövqe və Ukraynada vasitəçilik səyləri fonunda Ankaranın regionda geosiyasi təsirinin artması Parisin narazılığa səbəb olub”.