Zəngilan “ağıllı şəhər” və “yaşıl” iqtisadiyyat layihələri konsepsiyasına tam uyğun gələn regional qovşağa çevriləcək.
"Report" xəbər verir ki, bunu Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
"Zəngilan təkcə Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqazda "yaşıl" və "ağıllı" həllərin katalizatoruna çevriləcək. Zəngilan innovasiyalar qovşağı olacaq", - V.Hacıyev bildirib.
O, tezliklə Zəngilanda beynəlxalq hava limanının istifadəyə veriləcəyini, müasir infrastrukturun yaradılmaqda olduğunu, turizmin inkişafının nəzərdə tutulduğunu xatırladıb: "İşğal zamanı bir çox digər şəhərlər kimi Zəngilan da tamamilə dağıdılıb. Təəssüflər olsun ki, təkcə şəhərin özü deyil, təbiəti də məhv edilib, bütün sərvətlərdən vəhşicəsinə istifadə olunub".