"Qarabağda yaşayan erməni sakinlər son 30 ildə Ermənistanın və qanunsuz rejimin girovu olub".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, 30 illik işğal faktı bitdikdən sonra Azərbaycan özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğunu bildirib: "Son vaxtlar xaricdən ixrac olunmuş “Ruben Vardanyan” layihəsi ilə Qarabağda yeni reallığın yaradılmasına, vəziyyətin 1988-ci ilə gətirilməsinə, yeni status kvonun yaradılmasına cəhdlər edilirdi.
Bildiyiniz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəyyən olunub. Martın 1-də Xocalıda ilkin təmaslar aparılıb. Təəssüf ki, təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqlamalarının şahidi olduq. Lakin biz bu təmasları davam etdirməkdə qərarlıyıq.
Bizim fikrimizcə, martın 5-də Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi təxribat həm də erməni sakinlərlə təmaslara mane olmağa hesablanıb. Biz Azərbaycanın suveren ərazilərinə silah daşınmasını Ermənistan tərəfindən ölkəmizə qarşı davam edən təcavüz və terror siyasəti hesab edirik. Ermənistan nədən başqa ölkənin suveren ərazisinə silah-sursat göndərməkdə davam edir? Gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki,Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasını Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi, beynəlxalq mexanizmin yaradılması ilə şərtləndirməsi tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır: "Bu, faktiki olaraq İkinci Qarabağ müharibəsindən əvvəl “öz müqəddəratını təyin etmə”, “müstəqillik” nağıllarının indi basqa ad altında davam etdirilməsi anlamına gəlir. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı zamanı vurğuladı ki, Ermənistanla sülh sazişinə Qarabağ məsələsi daxil edilməyəcək".