Prezident: "Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”

Prezident: "Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq” “Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən noyabrın 10-da".
Qarabağ
3302
1 Dekabr , 2020 12:35
Prezident: Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”
İlham Əliyev

“Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da imzalamışam. Bizim Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu uyğunsuzluq buna görədir. Ona görə, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.

“Mən imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının diqqətinə çatdırdım və bir daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu Bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək istərdim. Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir. İkinci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu, təmin edildi. Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1 960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, təmin edildi. Dördüncü bənddə göstərilir ki, bu Bəyanatın müddəti 5 ildir. Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır. Bu, aydın məsələdir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb. Sonra altıncı bənddə göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi", - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi