Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verərkən jurnalist Ermənistanın kənardan silahlandırılması barədə də dövlət başçısına bir neçə sual verib.
"Report" müsahibənin həmin hissəsini təqdim edir:
– İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəni aparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavab nədir?
– Heç bir cavab yoxdur. Mən bir aydır bu sualı verirəm. Biz ilkin hesablama aparmışıq.
– Mənə elə gəlir ki, bu sualı davamlı olaraq verən şəxsdə müəyyən mənada bir cavab olmalıdır.
– Cavabım olsaydı, soruşmazdım. Hələ də soruşuramsa, o deməkdir ki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkin hesablama aparmışıq, yeri gəlmişkən, mən bizim məhv etdiklərimizin hamısını açıqlamamışam. Bu, olacaq. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır.
– Onları Rusiya dəstəkləyir.
– Bu, sizin fikrinizdir?
– Bu, rəsmidir. Sirr deyil. Başqa kimsə var?
– Bəlkə də, mən bilmirəm. Beləliklə, mən soruşuram, amma heç bir cavab verilmir. Ona görə də, soruşmağa davam edəcəyəm.