Səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam. Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində Minsk qrupunun fəaliyyətinə münasibət bildirərkən səsləndirib.
Dövlətimizin başçısı deyib: “Qrupun tərkibi məsələsinə gəldikdə, mən bu barədə artıq demişəm ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da demişəm ki, əgər bu gün biz hansısa təmas qrupu yaratsaydıq, onun tərkibi, əlbəttə, tamam başqa olardı. Orada regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuza malik olan ölkələr olardı. Əlbəttə, düşünürəm ki, hazırda həmsədr olan ölkələr də bəlkə qala bilərdi. Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsədrlərinin formalaşması mexanizmi və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir”.
Azərbaycan Prezidenti qeyd edib ki, biz münaqişəni nizamlamaq üçün formal məsələlərdən yapışmamalıyıq. “Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu”, - deyə dövlətimizin başçısı bildirib.