“Polşada ermənilər insanları çaşdıran təbliğat işləri aparırlar. Ona görə də əslində baş verənlərdən danışmaq, həqiqəti üzə çıxarmaq lazımdır”.
“Report” xəbər verir ki, bunu Polşanın Gənc Demokratlar Partiyasının üzvü, Polşa Strateji Tərəfdaşlıq İnstitutunun nümayəndəsi Adrian Pexota deyib.
“Erməni təbliğatına son qoyulmalıdır. Özüm də bu məsələ ilə bağlı tədbir görməyi planlaşdırıram: Polşa universitetlərində Edillidə baş verən hadisələrlə bağlı mühazirələr oxuyacağam”, - o bildirib.
Edillidə baş verənlərə, kütləvi məzarlıqda gördüklərinə görə çox kədərləndiyini bildirən A.Pexota bu adamlardan bəzilərinin diri-diri basdırıldığını da eşitdiyini əlavə edib:
“Bu, beynəlxalq hüquqa və BMT konvensiyalarına ziddir. Bu kimi hallar bir daha təkrarlanmamalıdır”.
Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir.