Bakı. 5 may. REPORT.AZ/ "Ermənistan 1994-cü ildən bəri dəfələrlə atəşkəsi pozub. Bu baxımdan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı aprelin əvvəlindəki zorakılığı sürpriz olmadı".
Bunu "Report"a amerikalı politoloq Piter Teys deyib.
"Əslində, Ermənistan möhkəm xarici siyasəti, güclü ictimai təşkilatları olmayan, eləcə də qalmaqal, korrupsiya və qohumbazlıqla kirlənən oyuncaq hökumət tərəfindən idarə olunur. Bunun nəticəsidir ki, Ermənistan yetişməmiş dövlət olaraq qalmaqdadır. Hər dəfə Ermənistan hökuməti əhali arasında populyarlığını itirən zaman Yerevan beynəlxalq qanunvericiliyə pozaraq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan ictimaiyyətin diqqətini yayındırmağa çalışır", - deyə P.Teys vurğulayıb.
Amerikalı analitik rəsmi Yerevanın xarici siyasəti və hərbi doktrinasının Ermənistandan başqa istənilən yerdə müəyyənləşə biləcəyini bildirib. O əlavə edib ki, ölkənin Xarici İşlər Nazirliyinin bəyanatları da təzadlıdır və bu, Sarqsyan hökumətinin məsələni sülh yolu ilə həll etmək istəmədiyini göstərir.
Münaqişənin həllində Rusiyanın fəallaşmasına toxunan ekspert bildirib ki, bu, odun üstünə yağ tökməyə bənzəyir: "Hesab edirəm ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyənə qədər heç nə dəyişməyəcək. Hazırda isə vəhşi erməni əsgərlərinin Azərbaycan dinc əhalisinə qarşı hücumlar həyata keçirməsindən başqa heç nə görmürük. Bu cür hərəkətləri İŞİD-in addımları ilə müqayisə etmək olar".