Öz təbii gözəlliyinə qovuşan şəhər: Şuşa sürətlə abadlaşır - REPORTAJ

Öz təbii gözəlliyinə qovuşan şəhər: Şuşa sürətlə abadlaşır - REPORTAJ Bir zamanlar düşmən tərəfindən işğal edilərək xarabalığa çevrilən Şuşa artıq öz təbii gözəlliyinə qovuşur. Azadlığına qovuşan şəhərə yeni nəfəsin gəldiyini görməmək mümkün deyil. Hər tərəfində, hər köşəsində abadlıq, yenidənqurma və bərpa işləri aparılır.
Qarabağ
15 May , 2023 13:04
Öz təbii gözəlliyinə qovuşan şəhər: Şuşa sürətlə abadlaşır - REPORTAJ

Bir zamanlar düşmən tərəfindən işğal edilərək xarabalığa çevrilən Şuşa artıq öz təbii gözəlliyinə qovuşur. Azadlığına qovuşan şəhərə yeni nəfəsin gəldiyini görməmək mümkün deyil. Hər tərəfində, hər köşəsində abadlıq, yenidənqurma və bərpa işləri aparılır. Şəhərin küçələrində şütüyən yük avtomobillərinin, texnikaların səsi, eləcə də tikinti alətlərinin ucalan əks sədası xoş müjdələrin carçısına çevrilib. Yeni yaşayış və qeyri-yaşayış binalarının sürətlə tikintisi şuşalıların qayıdışını tezləşdirir. Şəhər ərazisində infrastruktur yeniləndikcə, küçələr abadlaşdırılır və adlar verilir.

Yol boyu küçələrin adlarının əks olunduğu lövhələr şəhərə həyatın qayıtdığını göstərir: Heydər Əliyev, 8 Noyabr, Dəmir Yumruq, Zəfər, Qarabağ, Atatürk, Xurşidbanu Natəvan, Xan Şuşinski, Molla Pənah Vaqif və Pənahəli xan küçələri Azərbaycanın tarixi irsinin Şuşada bərpa olunduğunun bariz nümunəsidir. Ulu Öndərin adını daşıyan küçənin 8 Noyabr küçəsi ilə kəsişməsi dahi liderin arzularının reallaşdırıldığının əyani sübutudur. Məhz Prezident İlham Əliyevin liderliyi sayəsində arzular gerçəyə çevrilir. Beləliklə, Şuşanın tarixi-mədəni irsinin bir sıra nümunələrinin yerləşdiyi bu küçələr şəhərin orijinal memarlıq üslubuna uyğun qaydada yenidən qurulur. Bütün bunlar şəhərə qayıdacaq sakinlərin rahatlığının təminatçısıdır.

Şuşa Şəhəri Qoruq İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova "Report"un əraziyə səfər edən əməkdaşına deyib ki, şəhər infrastrukturu yeniləndikcə yeni küçələrin adları da qoyulacaq. O, hətta bəzi küçələrin adlarının hazır olduğunu söyləyib.

Məlumat üçün bildirək ki, Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri sürətlə davam etdirilir. Ümumi sahəsi 8 hektara yaxın olan yaşayış kompleksinin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə 450 mənzil olacaq. Bununla yanaşı, şəhərdə 17 binadan ibarət 2-ci yaşayış kompleksi də inşa ediləcək. 4,25 hektar ərazidə yerləşən kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Səmayə Məmmədova
Səmayə Məmmədova

450 mənzildən ibarət 23 yaşayış binasında aparılan tikinti işlərindən danışan S.Məmmədova bildirib ki, burada təxminən işlərin 50-60 faizi yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, bu ilin sonuna qədər Şuşaya ilk köç prosesi başlayacaq və yüzlərlə şuşalı öz doğma yurdlarına köçürüləcək.

Qoruq sözçüsü qeyd edib ki, təhvil veriləcək binalarda Şuşanın memarlıq üslubu öz əksini tapacaq. O, həmçinin Dəmir Yumruq küçəsində təməli qoyulan 238 mənzildən ibarət 17 yaşayış binası ilə bağlı hazırda layihələndirmə işlərinin aparıldığını söyləyib:

"Hazırda şəhərin Qarabağ küçəsində 10 qeyri-yaşayış binası tikilir. Gələn il həmin qeyri-yaşayış binalarının təhvil verilməsi nəzərdə tutulub. Həmin binalarda ofislər, ticarət mərkəzləri yerləşəcək. Şuşa şəhərində sakinlərə xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə keçmiş poçt binasında Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılıb. 11 ay ərzində bu işlərin yekunlaşması planlaşdırılır. Burada "ASAN xidmət" və "DOST xidməti" mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialının fəaliyyət göstərməsi nəzərdə tutulub".

Şəhər ərazisində yaşayış və qeyri-yaşayış binaları ilə yanaşı, yeni dövlət qurumlarının binaları da istifadəyə verilir. Bugünlərdə açılışı olan "Azərişıq" ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, Nöqtə Buludu texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunacaq. Mərkəzdə təhlükəsizliyin təmin edilməsi və qəzaların aradan qaldırılması məqsədilə qapalı paylayıcı quruluşla digər yarımstansiyalar arasında əlaqələr, eləcə də yarımstansiyadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir.

Araz Məmmədzadə
Araz Məmmədzadə

"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə "Report"un əraziyə səfər edən əməkdaşına deyib ki, Şuşa şəhərində inşa edilmiş Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi işğaldan azad edilən ərazilərdə tətbiq olunan innovativ texnologiyalar haqqında elektron məlumatları həm mütəxəssislərə, həm də qonaqlara təqdim edə bilir. Onun sözlərinə görə, digər tərəfdən bu innovativ texnologiyalar həm də rəqəmsal şəbəkələrin qurulması üçün zəruri şərtlərdən biridir:

"Yaşıl enerji" zonasının tələblərinə uyğun olaraq, İnnovativ Texnologiyalar Mərkəzinin dam örtüyündə günəş enerji sistemi qurulub. Bu da gələcəkdə bərpaolunan enerji mənbələrinin paylayıcı şəbəkələrdə geniş istifadəsinə imkanlar yaradacaq. Mərkəzin həyətyanı sahəsində elektromobillərin, enerjidoldurma cihazları da quraşdırılıb. Yaxın gələcəkdə elektromobillərin paylayıcı şəbəkələrdə tətbiqi və onların enerji ilə təchizatı üçün müvafiq şərait yaradılıb".

Bundan əlavə, əsrarəngiz təbiətə və gözoxşayan gözəlliyə sahib olan Şuşanın turizm potensialı da genişləndirilir. Təbii relyefi, özünəməxsus təbiəti və nadir memarlıq üslubu ilə seçilən, eləcə də mədəni-tarixi abidələrlə zəngin olan şəhər bir müddət sonra çoxsaylı turistlərin üz tutacağı məkana çevriləcək. Buna görə də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Şuşanın turizm potensialının genişləndirilməsinə xüsusi diqqət ayrılır. Bu səbəbdən şəhərdə inşa edilmiş Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin çox böyük əhəmiyyəti vardır.

Kompleksin baş meneceri Babək Həsənov "Report"un əraziyə səfər edən əməkdaşına deyib ki, şəhərin mərkəzində, Zəfər yolunun üzərində yerləşən Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışı ilə şəhərin turizm potensialı ikiqat artırılacaq.

Babək Həsənov
Babək Həsənov

Onun sözlərinə görə, bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir:

"Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb. Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib".

Baş menecer bildirib ki, kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah emalatxanası və hazır silah-sursatın saxlanılması üçün anbar və emalatxananın həyətində qazılmış təsərrüfat quyusu da buraya gələcək qonaqlara nümayiş etdiriləcək.

Şuşada hotelin fəaliyyəti həm də yeni iş yerlərinin açılması deməkdir. Bu, onu deməyə əsas verir ki, artıq şuşalıların işlə təminatında yaşana biləcək problemlər hələ şəhərə köç başlamamış aradan qaldırılır.

Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin rəsmisi kadr siyasətinə uyğun olaraq, artıq altı aya yaxındır ki, Dövlət Məşğulluq Agentliyi və Şuşa Şəhəri Qoruq İdarəsi ilə sıx əməkdaşlıq etdiklərini söyləyib. Onun sözlərinə görə, bu günə qədər təxminən, 4000-dək şuşalı ilə görüşlər keçirilib və onlarla müsahibələr aparılıb: "Hotelimizdə yaranan şəraitə uyğun olaraq onlara hansı iş təklifi edə biləcəyimiz barədə danışıqlar aparırıq. Əsas məqsədimiz Şuşa sakinlərini işlə təmin etmək, onların texniki və nəzəri biliklərinin artırılmasına yardımçı olmaq və gələcəkdə onların karyera inkişafını təmin etməkdir".

Son xəbərlər

Orphus sistemi