Markov: “Atəşkəs sazişi Heydər Əliyevin böyük uğuru idi”

Markov: “Atəşkəs sazişi Heydər Əliyevin böyük uğuru idi” “Atəşkəs sazişinin imzalanması o dövrdə müharibənin sona çatmasına, minlərlə insanın ölümünə son qoymağa imkan verən böyük nailiyyət idi. Bu, Azərbaycan lideri Heydər Əliyev üçün böyük nailiyyət idi. Onun üçün Azərbaycanın digər bölgələrini də işğal etməyi planlaşdıran erməni hərbi birləşmələrini dayandırmaq vacib idi”.
Qarabağ
12 May , 2020 15:52
Markov: “Atəşkəs sazişi Heydər Əliyevin böyük uğuru idi”

“Atəşkəs sazişinin imzalanması o dövrdə müharibənin sona çatmasına, minlərlə insanın ölümünə son qoymağa imkan verən böyük nailiyyət idi. Bu, Azərbaycan lideri Heydər Əliyev üçün böyük nailiyyət idi. Onun üçün Azərbaycanın digər bölgələrini də işğal etməyi planlaşdıran erməni hərbi birləşmələrini dayandırmaq vacib idi”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 26-cı ildönümünü şərh edərkən deyib.

“Tarix göstərdi ki, bu, düzgün qərar idi. Məhz bu sülhün əsasında Azərbaycan iqtisadiyyatının sürətli böyüməsi, neft-qaz sektorunun inkişafı başladı. Bu genişmiqyaslı transformasiya əsasında Bakı milyonlarla insanın diqqətini çəkən möhtəşəm şəhərə çevrildi, əla infrastruktur yaradıldı və artan Azərbaycan əhalisi daha yüksək həyat səviyyəsi əldə etdi”, - S.Markov hesab edir.

Ölkələr arasındakı mövcud vəziyyətdən danışan ekspert qeyd edib ki, 26 il ərzində Azərbaycanla Ermənistan arasındakı “barışıq” münaqişənin həlli məsələsində ortaq məxrəcə gətirib çıxarmayıb: “O vaxtdan bəri davam edən nizamlama ilə bağlı danışıqlar heç bir nəticə verməyib. Orada bir neçə ziddiyyət var. Ziddiyyətlərdən biri ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyət 26 il əvvəl mövcud olan güc balansına əsaslanır. Hazırda güc balansı Azərbaycanın xeyrinə xeyli dəyişib. Azərbaycan sadəcə başqasının torpağını işğal etmir. Bu səbəbdən münaqişə vəziyyətini geosiyasət haqqında qanuna əsasən yeni dəyişikliklərə uyğunlaşdırmaq lazımdır. Bunu etmək asan deyil”.

S.Markovun fikrincə, bu münaqişənin həlli məsələsindəki ikinci ziddiyyət ABŞ və Fransanın Ermənistanı dəstəkləməsidir: “Dağlıq Qarabağ münaqişəsini inkişaf etdirməyin sülh yolu çox çətindir, çünki ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrdə - ABŞ, Fransa və Rusiyada erməni diasporu çox böyük nüfuza malikdir. Bu səbəbdən də ATƏT-in Minsk qrupu vasitəsi ilə sülh yolu ilə nizamlanmaya nail olmaq çox çətindir”.

“Bu ziddiyyət illər ərzində heç bir dəyişikliyin baş verməməsinin əsas səbəbidir. Buna baxmayaraq, Rusiyanın təşəbbüsü ilə “Kazan formulu” adlanan həll yolu hazırlanıb və Rusiya onun həyata keçirilməsində israr edir. Bu həll yolunun reallşacağını düşünməyimizə əsas var. Bu, bölgədə sülh və təhlükəsizliyin kəskin artımına səbəb olacaq və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vacib addım olacaq. Son yox, amma çox vacib addım”, - rusiyalı politoloq hesab edir.

Son xəbərlər

Orphus sistemi