“Ermənilərin bir zamanlar işğal altında olan torpaqları vətən adlandırmağa nə mənəvi, nə də hüquqi haqqı yoxdur”.
“Report” xəbər verir ki, bu barədə laçınlı keçmiş məcburi köçkün Ayşən Aslan-Məmmədlinin
“İşğaldan əvvəl ermənilərdən demək olar ki, heç kəs Laçında və ya kəndimizdə daimi yaşamayıb. 1995-ci ildə Yaxın Şərqdən olan ermənilər Laçının 12 kəndində yerləşdirilmişdi. Bu kəndlərdən biri də bizim Zabux kəndi idi”, - o qeyd edib.
Onun sözlərinə görə, ermənilər məktəb binasını və bir çox başqa tikililəri dağıdıblar: “Bəziləri isə Laçını öz evləri adlandıraraq orada yeni həyata başlayıblar. Ermənistan bir zamanlar bu torpaqları zəbt etmişdi və bu işğal minlərlə yerli əhalinin faciəvi hadisələr yaşamasına səbəb olmuşdu. Odur ki, ermənilərin bu əraziləri vətən adlandırmağa mənəvi və hüquqi baxımdan haqqı yoxdur”.
Qeyd edək ki, müəllifin ailəsi Laçın rayonunun işğalı nəticəsində doğma evini tərk etmək məcburiyyətində qalıb. Həmin vaxt o, cəmi 11 aylıq idi. Onun iki bacısının isə 3 və 5 yaşı var idi.
“Bəzən fikirləşirəm ki, həmin vaxt ermənilərin törətdiyi bütün vəhşilikləri dərk edən yaşda olsaydım, ürəyim parçalanar və ya dəli olardım”, - o vurğulayıb.
Ayşən Aslan-Məmmədli məqalədə o vaxt 5 yaşı olan bacısının da bəzi xatirələrini qeyd edib.
Vurğulanıb ki, onların kəndi Ermənistanla sərhəddə yerləşir və vəziyyət gərginləşəndən sonra, yəni 1992-ci ilin əvvəllərində demək olar ki, hər gün atəş səsləri eşidilirmiş: “Lakin həmin gün eşidilən atəş səsi digərlərindən fərqli idi”.
“Qapımıza bir avtomobil yaxınlaşdı. Ən zəruri əşyaları həmin avtomobilə yığdılar. Lakin mənim üçün ən vacib olan əşya - oyuncaqlarım evdə qaldı. Ağladım və oyuncaqlarımı qoyduğum qutunu götürməyi xahiş etdim. Dedilər yer yoxdur, qoy qalsın, onsuz da qayıdacağıq. Bizi də maşına mindirdilər. Atam könüllü müdafiə alayında xidmət etdiyi üçün əmilərim bizi - anamı, bacılarımı və məni Güləbirddə yaşayan, ata tərəfdən nənəmin kəndinə gətirdi. O vaxt yolda bütün maşınlar Ermənistan tərəfindən atəşə tutulduğundan, sürücülər avtomobillərin işıqlarını söndürürdülər”, - qeyd edilib.
Mərmilərdən birinin onların qarşılarındakı avtomobilə dəydiyi bildirilib: “Avtomobil bizim gözümüzün qabağında yanırdı. Yanan avtomobilin içərisində 24 yaşlı gəncin olduğunu dedilər. Onun anası qışqırmaq istəyirdi. Amma ermənilər səs gələn tərəfə atəş açdığından, ətrafdakılar onun ağzını əlləri ilə bağladılar. Ermənilərin bizim olduğumuz yeri aşkar etmələrinə imkan vermək olmazdı. Odur ki, sakit olmalı idik”.
Yazıda qeyd edilib ki, daha sonra meşəyə qaçıblar: “Qaranlıqda meşədə hara getdiyimizi bilmirdik. Birdən dəhşətli yağış başladı. Əmim və bibim bizi, hamilə anam isə balaca bacımı qucaqlamışdı. Paltarımız nazik olduğundan, çox üşüyürdük. Anamın bizi bürüdüyü adyal tamamilə yaş idi. Güclü yağış yun adyalı daha da ağırlaşdırmışdı. Amma anam havanın yağışlı olmasına görə şad idi, çünki ermənilər yağışa görə atəşi dayandırmışdılar. Meşədən keçdikdən sonra yoldan keçən avtomobillə Güləbirdə çata bildik. Biz əldən düşmüşdük və yorğun idik. Amma bu kənddə işıq, təbii qaz yox idi. Hətta balaca bacıma bir stəkan isti çay belə tapmaq mümkün olmadı. Ertəsi gün səhər tezdən nənəmin Ağdam rayonunun Quzanlı kəndində yerləşən evinə gəldik. Babamın məzarı Laçında, Zabux kəndində qalıb. Uşaqlığım da orada qalıb...”