Qubanın mərkəzindən cəmi 5 km məsafədə yerləşən Alekseyevkanın sakinləri kəndin adının dəyişdirilməsi xahişi ilə rayon icra hakimiyyətinə müraciət ediblər.
"Report"un məlumatına görə, bu məqsədlə imza toplayan sakinlər yaşayış məntəqəsinə kəndin Vətən müharibəsindəki yeganə şəhidi Ülvü Məmmədovun adının verilməsini istəyirlər.
Müraciət Milli Məclisə, rayonun deputatları Vahid Əhmədov və Anatoli Rafaelova da göndərilib. Kənd sakinləri tərəfindən bəzi sosial şəbəkə siqmentlərində də bu məsələnin aktuallığı ilə bağlı rəylər yazılıb.
Ölümündən sonra iki medalla təltif olunan Ülvü Məmmədov
Ülvü Vüqar oğlu Məmmədov 29 iyul 1997-ci ildə Quba rayonunun Alekseyevka kəndində anadan olub. 2003-cü ildə Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Məktəbdə oxuduğu illər ərzində müxtəlif idman növləri - futbol, kikboksinq və karate ilə məşğul olaraq, yarışlarda iştirak edib.
2014-cü ildə orta məktəbi bitirdikdən sonra Anadolu Universitetinin Bakı filialının idarəetmə fakültəsinə qəbul olub. 2015-ci il oktyabrın 5-də təhsilini donduraraq, həqiqi hərbi xidmətə yollanıb. Sülhməramlı Qüvvələrdə xidmət keçən Ü.Məmmədov 2017-ci ilin aprel ayında xidmətini atıcı ixtisası üzrə başa vurub.
Ordudan təxris olunduqdan sonra əvvəlcə Qubada, sonra isə Bakıdakı marketlər şəbəkəsindən birində çalışmağa başlayıb. İşində göstərdiyi yüksək fəallığa, məsuliyyətli və uğurlu fəaliyyətinə görə daha yüksək vəzifələrdə işləyib.
Vətən müharibəsinə könüllü qatılan 23 yaşlı şəhid
Ülvü Məmmədov sentyabrın 21-də Qusar rayonundakı N saylı hərbi hissədə başlanan təlim-toplanışlarında iştirak etmək məqsədilə könüllü olaraq hərbi xidmətə yola düşüb. Keçirilən bir həftəlik təlimdən sonra isə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan isğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Döyüş yoldaşlarının sözlərinə görə, xüsusən, Xocavənd rayonu ərazisindəki strateji yüksəkliklərin işğaldan azad edilməsində əsgər yoldaşları ilə birgə Ülvünün də əməyi olub. Belə ki, onlar şəhidimizin fədakarlıqla vuruşduğunu, nizam-intizamlı olduğunu bildirirlər.
Ülvü Məmmədov oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb. O, oktyabrın 23-də Quba rayonunun Alekseyevka kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 15 dekabr 2020-ci il tarixində “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin adının əbədiləşdirilməsi yönündə ilk addım
Müraciətə imza atan sakinlərin bir qrupu fevralın 7-də şəhidin ailəsini ziyarət edən Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvləri ilə bir araya gəlib. Tədbirdə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev də iştirak edib. Onlar əvvəlcə kənd qəbiristanlığında Ülvü Məmmədovun məzarını ziyarət ediblər. Mərhumun ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər qərənfillər düzülüb.
Daha sonra kənd mərkəzində şəhidin fotosunun əks olunduğu xatirə lövhəsinin qarşısında salınacaq bulaq-barelyef önündə tədbir təşkil olunub. Tədbiri açan AİJF İdarə Heyətinin üzvü Sənan Şəfizadə bildirib ki, Ülvü Məmmədovun şəhid olması xəbəri onu tanıyanlar, ailəsinin dostları, yaxınları tərəfindən ürək ağrısı ilə qarşılanıb. Onun sözlərinə görə, hər birimizin yaralı yeri olan, 30 ildir həsrətlə gözlədiyimiz torpaqların işğaldan azad edilməsində Ülvü kimi qəhrəmanların rolu olub.
AİJF prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev deyib ki, Ülvü şəhid olmaqla Azərbaycan xalqının qəhrəmanına çevrilib: "Bu gün Şuşa, Qarabağ erməni işğalından azaddırsa, bu, Ülvü kimi qəhrəmanların sayəsində gerçəkləşib. O, bizim idman jurnalistimiz Vüqar Məmmədovun oğludur. Vüqar Məmmədov ölkəmizdə tanınan idman jurnalistlərindəndir, bizim yeganə həmkarımızdır ki, övladı şəhid olub. Ülvü də şəhid olmaqla, ölkəmizin və Quba əhalisinin qəhrəmanına çevrildi. Həm də Azərbaycan idman jurnalistlərinin qəhrəmanına çevrilib. Biz idman jurnalistinin ailəsində doğulub böyümüş Ülvü kimi qəhrəmanı heç vaxt unutmayacağıq".
Q.Mehdiyev şəhidin adının əbədiləşdirilməsi istiqamətindən ilk addımı məhz AİJF-nin atdığını diqqətə çatdırıb: "Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin Quba rayon Gənclər və İdman idarəsi ilə birlikdə şəhid Ülvi Məmmədovun xatirəsini əbədiləşdirmək üçün onlayn şahmat turnirinə start verməyi qərara almışıq. Gələcəkdə karantin qaydaları bitəndən sonra belə turnirləri ənənəvi qaydada davam etdirəcəyik. Biz Ülvünü heç vaxt unutmayacağıq. O, təkcə Alekseyevka kəndinin, Quba rayonunun yox, bütün Azərbaycanın fəxridir".
Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev Ülvü Məmmədovun valideynləri və babası Ağamirzə Məmmədova müraciət edərək, bildirib ki, şəhid əzizləri ilə qürur duysunlar: "Ülvü tək sizin yox, hamımızın başını uca etdi və bizim qürur yerimiz oldu. Bu gün Quba gəncləri şəhidlərimizə qürur mənbəyi kimi baxır və onlarla fəxr edirlər. Biz də çalışacağıq ki, Ülvü Məmmədovun timsalında bütün şəhidlərimizi ailələrinə yaxın olaq, onların problemləri ilə məşğul olaq. Ülvü qəhrəmandır, nəinki Quba, Azərbaycanın qəhrəmanıdır".
"Ülvünün adı bu kəndə verilməlidir ki, yaddan çıxmasın"
Daha sonra Alekseyevka kənd sakinləri çıxış edib. Kənd ağsaqqalı Hacı Bəndalı Mahmudəliyev kəndin üzərindən Alekseyevka adının götürülməsini, şəhid Ülvü Məmmədovun adının verilməsini xahiş edib: "Əslində Alekseyevkanın adının dəyişdirilməsi üçün müxtəlif ünvanlara müraciət etməyimiz ilk dəfə deyil. 20 ildir kəndin adının dəyişdirilərək, yaşayış məntəqəmizə milli ad verilməsinə çalışırıq. Prezidentimiz bütün şəhidlərə qiymət verir. Qazilərimizə hörmət edirlər, onlar müalicə olunurlar. Allah onlara şəfa versin. Ülvü Məmmədovun da qisməti şəhidlik oldu. Adı bu kəndə verilməlidir ki, yaddan çıxmasın".
Kəndin digər ağsaqqalı Qərib Qəribov Ülvü Məmmədovun zyalı ailəsində doğulduğunu xatırladıb. Q.Qəribovun sözlərinə görə, bu ailənin Vətənə məhəbbətindən çox danışmaq olar: "Bizim 27 illik torpaq həsrətimizə son qoyanlardan biri də Ülvü Məmmədov idi. Onun haqqında çox şey danışmaq olar, amma kədərləndiyimiz üçün danışa da bilmirik. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi. 3 minə yaxın şəhidimiz var. Onlardan biri də Ülvü Məmmədovdur. Kənd camaatı adından Prezidentimizə təşəkkür edirəm ki, şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayır, onlara böyük hörmət göstərir. Torpaqlarımız şəhidlərimizin qanı bahasına alınıb. Mən məsləhət görərdim ki, gələcək nəsilə çatdırmaq üçün Alekseyevkanın adını dəyişdirib, Ülvü kəndi qoyaq. Bununla gələcək nəsillərə də çatdırmaq olar ki, bizim torpaqlarımız uğrunda belə igidlərimiz şəhid olub".
Şəhid Ülvü Məmmədovu çox layiqli nəslin nümayəndəsi kimi dəyərləndirən kənd ziyalısı Zakir Həsənov isə onun torpaqlarımız uğrunda, Vətən müharibəsində qəhrəmancasına şəhid olduğunu söyləyib. O da digər kənd sakinləri kimi, Alekseyevkanın adının dəyişdirilməsini xahiş edib: "Ülvi - yüksəklik, alilik, ucalıq, müqəddəs anlamını verir. Ülvü elə bir addır ki, daşıdığı məna da bu kəndə yaraşır. Özü də çox tərbiyəli, mədəni oğlan idi. Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid olmaqla, müqəddəs zirvəyə yüksəlib. Xahiş edirik ki, kəndimizə onun adı verilsin".
"Alekseyevin kim olduğu məlum deyil, Ülvünün qəhrəmanlığı isə hamıya bəllidir"
Şəhidin babası Ağamirzə Məmmədov isə bildirib ki, Alekseyevka kəndinin adının dəyişdirilməsi və şəhidin adına verilməsi xahişi ilə müvafiq qurumlara müraciət edilib. Bununla bağlı məsələlərə özünün qarışması və təklif verməsini düzgün saymayan A.Məmmədovun sözlərinə görə, qərarı dövlətin əlaqədar qurumları verə bilər: "Əlbəttə, dövlət nə məsləhət bilsə, edəcək. Amma bir vətəndaş kimi düşünürəm ki, Alekseyevin kim olduğu məlum deyil. O, tarixi şəxsiyyət deyil, hansısa fəaliyyəti yoxdur. Ülvü Məmmədov isə Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə fədakarcasına iştirak edib. Müəyyən qəhrəmanlıqlar göstərib ki, bunlar yazılıb və hamıya bəllidir. Son məqamda isə şəhidlik zirvəsinə yüksəlib".
A.Məmmədovun sözlərinə görə, kəndə şəhidin adına verilsə, gənclərin gələcək tərbiyəsi və vətənpərvərlik ruhunda böyümələri baxımından faydalı olar. Fikirləşərlər ki, bu kənddən müharibədə iştirak edən və yeganə şəhid olan Ülvünün adı əbədiləşdi, özü rəhmətə getsə də, xatirəsi əziz tutuldu. Dövlət səviyyəsində hansı qərar qəbul olunsa, çox razılıqla qarşılayarıq".
Alekseyevka — Azərbaycan Respublikasının Quba rayonunun eyniadlı inzibati ərazi vahidində və eyniadlı bələdiyyənin tərkibində yeganə kənddir. XIX əsrdə rusların burada məskunlaşmasına qədər yaşayış məntəqəsinin adı Dəlləkkənd olub. 2019-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5000 nəfər əhali yaşayır.
Alekseyevkanın adının dəyişdirilməsi üçün ayrı-ayrı vaxtlarda bir neçə dəfə Milli Məclisdə məsələ qaldırılaraq, müzakirələr aparılıb. Lakin münasib bir adın olmaması səbəbindən, bu iş hər dəfə təxirə salınıb.