Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bildiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.
Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.
Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada hökuməti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.
Aksiyaya Kanadada yaşayan İsrail və Türkiyədən olan insanlar, Azərbaycanı sevənlər də qatılıblar.