“Həm I Qarabağ, həm də II Qarabağ müharibəsi zamanı Dövlət Komissiyasının əməkdaşlıq etdiyi əsas təşkilat BQXK olub. Bu sahədə ən önəmli vəzifələrdən biri kimi I Qarabağ müharibəsinə itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi işi olub”.
"Report"un xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış "İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb: “Ötən müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb”.
O qeyd edib ki, hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş əraziləriə çoxsaylı minaların olmasıdır: “Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən 1 milyondan çox mina basdırılıb”.