İsrailin keçmiş naziri: “Xankəndi-Laçın yolunda etiraz edən ekofəallarla həmrəyəm”

İsrailin keçmiş naziri: “Xankəndi-Laçın yolunda etiraz edən ekofəallarla həmrəyəm” “Təmiz ətraf mühit hüququ və millətin öz təbii sərvətlərindən istifadə etmək imkanı əsas insan hüququdur”.
Qarabağ
6 Mart , 2023 20:50
İsrailin keçmiş naziri: “Xankəndi-Laçın yolunda etiraz edən ekofəallarla həmrəyəm”

“Təmiz ətraf mühit hüququ və millətin öz təbii sərvətlərindən istifadə etmək imkanı əsas insan hüququdur”.

“Report” xəbər verir ki, bu fikirlər İsrailin keçmiş rabitə naziri Ayub Karanın “The Jewish Press” qəzetində dərc olunmuş məqaləsində yer alıb.

A.Kara vurğulayıb ki, Laçın yolunda etiraz aksiyası keçirən ekoloji fəalları və ümumilikdə Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı arbitraj iddiası qaldıran Azərbaycanı dəstəkləyir: “Ermənistan Azərbaycanın Qarabağdakı enerji resurslarına çıxışının qarşısını alaraq, Azərbaycanın enerji resurslarından öz maraqları naminə istifadə edərək Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını, eləcə də beynəlxalq hüququn digər prinsiplərini pozub”.

Sabiq nazirin fikrincə, bu iş Qarabağda ətraf mühitin çirklənməsinə dair Ermənistana qarşı Bern Konvensiyasına əsasən Azərbaycanın qaldırdığı arbitraj işi ilə yanaşı, Ermənistanın əslində onilliklər ərzində Azərbaycanın enerji resurslarını oğurlamasından sonra ədaləti qorumaq və bərpa etmək cəhdidir.

“Təxminən bir il əvvəl Qarabağda olmuşam və ermənilərin Qarabağda ətraf mühitə vurduğu ciddi dağıntıları şəxsən müşahidə etmişəm. Biz balıqsız çayların, kökündən kəsilmiş ağacları, yandırılmış əkin sahələrini və Qarabağın təbiətinin digər irimiqyaslı dağıdılmasını gördük”, - o yazıb.

Siyasətçi əlavə edib ki, bütün bunlara baxmayaraq, bəziləri hələ də Ermənistanın əsl təcavüzkar olduğunu anlamaqdan imtina edir: “Almaniyanın xarici işlər naziri kimi bəziləri bu münaqişədə Ermənistanın işğalçı olduğunu anlamaqdan imtina edir. Onlar Laçın yolunda etiraz aksiyaları keçirilməsinə görə Azərbaycanı ittiham edirlər, üstəlik, bunu “humanitar fəlakət” və hətta “soyqırımı” adlandırırlar. Holokostdan sağ çıxanların yanında böyüyən biri kimi deyə bilərəm ki, bu etirazları belə adlandırmaq böyük təhqirdir”.

A.Kara məqaləsində qeyd edib ki, Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlılarının humanitar yük daşıyan nəqliyyat vasitələri “bağlı” olduğu deyilən yoldan maneəsiz keçərək hərəkət edirlər.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 85 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi