İş adamı Anar Əlizadə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 2 milyon manat köçürüb.
“Report”un xəbərinə görə, iş adamı vurğulayıb ki, hər bir həmvətənimizdə rəşadətli və müzəffər Ordumuzun Vətən müharibəsində böyük qələbəsinə əminlik var!
Xatırladaq ki, son bir neçə gündə Qarabağda aktiv döyüşlər başlayandan bir çox tanınmış sahibkarlar, məmurlar, incəsənət xadimləri, diaspor nümayəndələri və digər şəxslər Azərbaycan Ordusuna dəstək olaraq Fonda vəsait köçürürlər.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.