"Independent" Xocalı barədə: Qorxu filminin səhnəsinə bənzəyir, lakin bu, Xocalıda baş verib

"Independent" Xocalı barədə: Qorxu filminin səhnəsinə bənzəyir, lakin bu, Xocalıda baş verib Samirə Hüseynova bunu sadəcə 12 yaşındaykən Xocalıda yaşayıb
Qarabağ
4 Mart , 2021 16:57
Independent Xocalı barədə: Qorxu filminin səhnəsinə bənzəyir, lakin bu, Xocalıda baş verib

Böyük Britaniyanın “Independent” onlayn qəzetinin Türkiyə bürosunun köşə yazarı Ərən Umurbilir azərbaycanlılarla ermənilərin Qarabağda birgəyaşayışının mümkün olub-olmadığı məsələsini araşdırıb. O yazısında vurğulayıb ki, Xocalıda soyqırımla üzləşən Azərbaycan xalqı ermənilərlə birgəyaşayışa birmənalı baxmırlar.

“Report” “Independent Türkçe”nin həmin məqaləsini təqdim edir.

Təsəvvür edin: hələ balaca uşaqsınız və qardaşlarınız, ananız, atanız, qohumlarınız, qonşularınız illərdir yaşadığınız məhəllədən birdən-birə qaçmaq məcburiyyətində qalır.

Əlləri silahlı kişilər sizi mühasirəyə alarkən aranızdan bəziləri güllələnir, instinktiv olaraq bir yerdə dayanmırsınız. Qardaşınız gözündən yaralanır, tez müdaxilə edib yola davam edirsiniz. Ancaq əl-ələ tutuşduğunuz 22 yaşlı qonşunuz da boynuna dəyən güllə ilə qan içində qalınca artıq dözə bilmirsiniz. Əlləriniz qıfıllandı. Artıq həyatda qalma instinkti də yetərsizdir. Ətrafdakılar gəlib sizi ayırır və ayaqlarınız qanaya-qanaya naməlum istiqamətdə qaçmağa davam edirsiniz.

Bütün bunlar sizə qorxu filmindən səhnələr kimi görsənə bilər, ancaq Samirə Hüseynova bunu sadəcə 12 yaşındaykən Xocalıda yaşayıb.

Samirə Hüseynova
Samirə Hüseynova

1992-ci il fevralın 26-da baş verən kütləvi qətliamda həmin vaxt 33 yaşında olan atasını, əmisini, nənəsini və xalalarını itirən Samirə indi kimya müəllimi işləyir. Digər tərəfdən də çəkdiyi zülmü dünyanın bilməsini istəyir: “Bu ağrılar insanın dünyasını dəyişdirir. O qədər psixoloqa getdim, yaşananları həyatımdan çıxara bilmirəm. Biz Xocalıya qayıdacağıq və qayıdandan sonra orada erməni görmək istəmirsən. Mən bundan sonra ermənilərlə birlikdə yaşamaq istəmirəm. Xocalılı 47 qohumum var, heç biri istəmir. Əgər orada qalırlarsa, biz evlərimizə qayıtdıqda yaxşı olmayan şeylər olacaq”.

İndi 41 yaşında olan Samirə kimi, bir çox insan 29 ildir bu duyğularla yaşayır. Xocalı kimi yaşayış yerlərinin erməni silahlılarından alınaraq qaytarılmasını istəyirlər.

Azərbaycanın tələbləri

Qlobal Jurnalistlər Şurasının Xocalı qətliamının ildönümü ilə bağlı təşkil etdiyi mediaturla getdiyim Azərbaycanda rəsmilər azərbaycanlıların ermənilərlə birlikdə yaşamasının mümkün olduğunu söyləyirlər. Ancaq öncə bəzi tələblər var.

Milli Məclis və Xarici İşlər Nazirliyindəki görüşlərdə və ondan sonra Prezident İlham Əliyevin həyata keçirdiyi 4 saat yarımlıq mətbuat konfransında rəsmi Bakı yekdil idi.

Əsas istəkləri ermənilərin ərazi iddialarından əl çəkməsi və ələ keçirdiyi torpaqlardan çəkilməsidir.

Bir başqa tələb isə Xocalı qətliamı ilə bağlıdır. Belə ki, Azərbaycan rəsmiləri Xocalı kimi qətliamlardan məsuliyyət daşıyan ermənilərin mühakimə olunaraq Ruanda və Yuqoslaviyadakı olduğu tək cəzalandırılmasının hər iki cəmiyyəti rahatlaşdıracağını bildirirlər. Onlar deyirlər ki, bu, belə halların bir daha yaşanmaması üçün çox önəmlidir.

Onlara görə, 1998-2008-ci illərdə Ermənistan prezidenti olan Robert Koçaryanın “Ermənilər və azərbaycanlılar etnik və genetik olaraq anlaşa bilməzlər” deməsi, onun xələfi Serj Sarqsyanın “Azərbaycanlılar həmişə düşünürdülər ki, ermənilər dinc insanlara əl qaldırmazlar... Bu tilsimi qırmaq lazım idi, elə də oldu” ifadəsi və baş nazir Nikol Paşinyanın ötən il “Qarabağ Ermənistandır” söyləməsi iki cəmiyyət arasındakı müharibədə aktiv rol oynayan liderlərin yaşananlardan dərs almadığını göstərir.

Bundan başqa, rəsmi Bakı minalanmış ərazilərin xəritələrinin verilməsini də tələb edir. 44 gün çəkən müharibədən sonra azı 15 nəfərin bu minaların qurbanı olduğu bildirilir.

Zəngin Azərbaycanın güc nümayişi

Hər nə qədər erməni lobbisinin özlərindən daha güclü olduğunu qəbul etsələr də, rəsmi Bakının təsiretmə imkanları var.

Neft və təbii qaz varlısı olan ölkə işğaldan azad olunmuş ərazilərdə gördüyü işlərlə iqtisadi gücünü nümayiş etdirir.

Füzulini sürətlə minalardan təmizləyib bölgədə avqustun sonunadək hava limanı açmaq planı da bir növ güc nümayişi olaraq qəbul edilə bilər. Dekabrda bölgəyə səfər edən əcnəbi jurnalistlər beynəlxalq hava limanı üçün görülən işlərin iki ay müddətində belə səviyyəyə çatmasını heyrətlə qarşılayıblar.

Azərbaycan rəsmiləri Füzulidən Şuşaya çəkiləcək 100 kilometrlik 6 zolaqlı avtomobil yolu işlərini də beynəlxalq mətbuata göstəriblər.

Liviya, İraq, Əfqanıstan kimi bölgələrdə işləmiş türkiyəli mühəndislər bu layihələrdə təcrübəsini ortaya qoyur. Azərbaycan Ordusu beynəlxalq mətbuata necə mina təmizlənməsindən bəhs edərkən “Kolin” inşaat şirkətinin iki mühəndisi arabir minalar partlasa da, işlərin sürətlə irəlilədiyini söyləyiblər. Həmin əraziləri nəzərdə tutaraq “Burada maska yox, mina var” deməsi də diqqət çəkib.

Qaytarılan Ağdama da cari ilin sonunadək elektrik xəttinin çəkilməsi planlaşdırılır.

Bundan başqa, İran-Azərbaycan-Rusiyanı bir-birinə bağlayan dəmir yolu layihəsi kimi iqtisadiyyatı möhkəmləndirəcək fəaliyyətlər nəzərdə tutulub.

İqtisadi olaraq təcrid siyasətinin tərəfdarı olmadığını bildirən rəsmi Bakıya görə, Azərbaycan ərazilərində sinaqoq, məscid və kilsələrin bir arada olması multikulturalizmin sübutudur. İlham Əliyev səudiyyəli müxbirin sualına cavab olaraq erməni nəzarətində qalmış Qarabağ ərazilərində məsciddə donuzların saxlanıldığını bildirərək Ermənistanın başqa xalqlara hörmət göstərmədiyini söyləyib.

30 min erməninin Azərbaycanda yaşadığı iddia edilsə də, rəsmi Yerevan öz nəzarəti altında saxladığı Dağlıq Qarabağdakı ermənilərin də sayıldığını bildirərək bunu qəbul etmir və gerçək rəqəmin, əslində, daha az olduğunu söyləyir.

Qətliamdan sonra hər şeyin düzəlməsi mümkündürmü?

Azərbaycan tərəfi iqtisadi gücü və multikulturalizmlə iki cəmiyyət arasındakı gərginliyin vaxt ötdükcə azala biləcəyinə inansa da, Samirə Hüseynova kimi qətliam məğdurları bunu qəbul etmir.

Ermənistan tərəfinin “müharibə əsiri” olduğunu iddia etdiyi 62 erməni də iki ölkə arasındakı münasibətlərdə gərginlik yaratmaqda davam edir. Azərbaycan bu şəxslərin atəşkəsdən sonra hücum etdiyini və bu səbəbdən qaytarmayacağını iddia edir.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, iki ölkə arasında birbaşa diplomatik əlaqə yoxdur, amma nazirliklərin saytlarına yerləşdirilən bəyanatlar tez bir zamanda cavabını alır.

Beynəlxalq mətbuat və dünya rəsmi Bakının tələblərini dinləyənə oxşamır. Azərbaycana görə, 613 nəfərin öldürüldüyü hadisə soyqırımıdır. Ancaq sadəcə 17 ölkə bunu belə tanıyır.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim “iki dövlət, bir millət, bir mətbuat” ifadəsi ilə bildirdiyi kimi, Türkiyə mətbuatı, xüsusilə müharibə zamanı Azərbaycanı açıq şəkildə dəstəkləsə də, rəsmi Ankara Pakistan və Sudan kimi rəsmi olaraq “soyqırımı” deyənlərdən deyil.

Bundan başqa, Ermənistanda baş verən çevriliş cəhdi də Azərbaycanı çox məmnun etməyib. Qeyri-sabitliyin iki ölkə arasındakı atəşkəsə xələl gətirməsi onlara da yaramır.

İlham Əliyev fasiləyə belə getmədən ingiliscə, rusca və türkcə cavablandırdığı mətbuat konfransında mümkün revanş cəhdlərinin sərt şəkildə cəzalandırılacağını söyləyərək gözdağı verib.

Fikrimcə, burada ən önəmli cavab “Samirə kimi qətliam məğdurları erməniləri görmək istəmədiyi halda iki cəmiyyət arasındakı buzlar necə əriyəcək” sualına olacaq. Azərabycan öz imkanları ilə istədiyi sülhü hər hansısa formada qəbul etdirəcək olsa da, bu məsələ həlsiz problem olaraq görülür.

Digər yandan, Ermənistan tərəfinin də öz tələbləri və şikayətləri olduğunu unutmamaq lazımdır. İqtisadi olaraq küncə sıxışdırılsalar da, rəsmi Yerevanın Azərbaycan rəhbərliyi ilə çox yaxşı münasibətlər qurmasını gözləməyi hələlik sadəcə xəyal etmək olar.

Son xəbərlər

Orphus sistemi