"Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır".
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.
Dövlət başçısı deyib: "Bilirsiniz, Tərtər şəhərini, demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir.. Cəbrayıl şəhərini götürmək böyük qəhrəmanlıq tələb edir. Çünki bir daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimi dönəmində orada bir neçə xətt istehkam quruldu, özü də çox möhkəm. Bir də ki, o bölgənin relyefi də təbii istehkamdır. Yəni, Dağlıq Qarabağ dağlarda yerləşir. Yəni, biz aşağıdan yuxarıya gedirik. Bunun nə qədər çətin olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik".