Bakı. 5 iyul. REPORT.AZ/ "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır".
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev öz rəsmi "Twitter" mikrobloqunda yazıb.
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi açılıb.