Ermənistan Qarabağdakı separatçı rejimin nümayəndələri ilə birlikdə sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National Interest”də dərc olunmuş “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyirmi?” adlı məqaləsində deyilir.
Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan kampaniya aparıb diplomatik oyunlara girmək əvəzinə, Azərbaycanla sülh danışıqları və münasibətlərin normallaşdırılması ilə məşğul olmalıdır.
“30 ildən artıq müddətdə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin təxminən 20 faizini işğal etmişdi. Orada yaşayan bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmış, öz ölkəsində məcburi köçkünə çevrilmişdi. 2020-ci ildə 44 günlük müharibədən sonra geri qaytarılan torpaqlarda Azərbaycanın mədəni və dini irsi, dövlət mülkləri və şəxsi mülklər misli görünməmiş şəkildə məhv edilib. Elə təkcə vaxtilə regionun ən böyük şəhərlərindən biri olan Ağdam o qədər dağıdılıb ki, indi onu “Qafqazın Hirosiması” adlandırırlar. Görünür, işğalçılar burada Azərbaycanın bütün izlərini məhv etmək istəyiblər”, - H.Hacıyev yazır.
Bütün dünya ölkələri və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasına baxmayaraq, həmin bu 30 il ərzində erməni siyasətçiləri ya müstəqil etnik erməni ərazisi yaratmaq, ya da işğal etdikləri torpaqları ilhaq etməklə Ermənistana birləşdirmək haqqında xülyalar qurublar.
“Kaş sülhə nail olmaq bu qədər asan olardı. Amma Ermənistan rəhbərliyinin vəziyyəti qarışdırmaq məqsədi ilə apardığı kampaniyalarla vaxtı uzada-uzada sülhdən danışması çox tanış mənzərədir. Ona görə də bu həftə Ermənistanın Qarabağdakı separatçı rejimlə birlikdə sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlaması təəccüblü olmadı. Bu separatçı birləşmənin əsas məğzi sərt geosiyasi reallıqlardan yayınaraq fantaziyaları davam etdirməkdir”, - o hesab edir.
Bununla belə, H.Hacıyev qeyd edir ki, ayrı-ayrı yerlərdə reallıq dəyişib və Azərbaycan ölkənin Qarabağ bölgəsində yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya ilə bağlı səmimi və həqiqi dialoqa dəvət edir. Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqları, təhlükəsizliyi, eləcə də Qarabağda etnik azlıq kimi vəzifələri Azərbaycan Konstitusiyası ilə təmin olunacaq. Bura, əlbəttə ki, qorunacaq din, dil və bələdiyyə hüquqları daxildir. “Hazırda ən vacib olan odur ki, reinteqrasiya prosesinə bütün qanunsuz hərbi birləşmələrin demobilizasiyası və tərksilahı, Ermənistan silahlı qüvvələrinin qalan hissələrinin tamamilə çıxarılması daxil olmalıdır. Bu cür qruplaşmalara hətta sülh danışıqları zamanı belə davam edən silah axınını dayandırmaq üçün Ermənistanı Xankəndi ilə birləşdirən və Laçından keçən yol bu yaxınlarda qısa müddətə bağlanıb. İndi yol yenidən açılıb”.
Məqalədə qeyd olunur ki, Azərbaycan əlavə, amma daha çox ötürücülüyü olan, gündə 17 mindən çox nəqliyyat vasitəsinin keçə biləcəyi daha qısa yolla regionu özünün qida məhsulları və dərmanla təmin etməsini təklif edib. Bundan əlavə, həm Avropa İttifaqı, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu marşrutdan istifadə oluna biləcəyini qəbul edib: “Bununla belə, bərpa olunan dördzolaqlı bu Ağdam-Xankəndi yolu naməlum səbəblərdən Qarabağ separatçıları tərəfindən dəfələrlə rədd edilib, hətta yol onların “rəhbərlər”inin göstərişi ilə beton plitələrlə bağlanılıb da. Rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə tədarüklərin Azərbaycanın deyil, Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilməsi ilə bağlı təklifi də rədd edilib”.
Həmin bu “rəhbərlik” nümayişkaranə şəkildə yük maşınlarını Azərbaycanla sərhədə, Laçın keçid məntəqəsinə düzüb. Özü də Qarabağ ermənilərinin Azərbaycan tərəfindən “etnik təmizləmə” ilə hədələndiyini iddia edirlər.
H.Hacıyevin sözlərinə görə, onların rəhbərliyi bu yalan iddianın “əsaslılığını” gücləndirmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponu “ələ alıb”, o da öz növbəsində, Qarabağın blokada altında olması, sakinlərinin acından ölməsi, soyqırımı törədilməsi barədə əsassız və məsuliyyətsiz hesabat yazıb.
Azərbaycanın qida məhsullarından imtina edən əhalini acından öldürməsi ilə bağlı paradoksal iddianı separatçıların qondarma “lideri” Arayik Arutyunyan irəli sürüb: “Azərbaycan bir əlindən bizi boğmaq, digər əlindən isə bizi yedizdirmək üçün istifadə edir”.
Bu bəyanatı düzgün hüquqi formaya salmaq lazımdır: işğalçı administrasiyası Azərbaycan hökumətinin Azərbaycan bölgəsinə ərzaq və dərman tədarükünü əngəlləyir.
Maraqlıdır ki, Okampo hesabatında heç bir yerdə bu barədə bir kəlmə belə yazmayıb.
Onu da qeyd edək ki, Qarabağın erməni sakinləri əziyyət çəkməkdə davam edir, özü postsovet məkanının ən kasıb ölkələrindən biri olan Ermənistandan gələn yardımlar hesabına yaşamağa məcbur qalırlar. İqtisadi baxımdan bu region Azərbaycanın qalan hissəsindən geri qalıb.
“Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Separatizmə seçici yanaşma yolverilməzdir. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı şifahi bəyanatları sülh müqaviləsində qeyd edilməlidir. Ermənistan həmçinin Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı və bütün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Başqa yol yoxdur. Azərbaycan artıq sülh yolunda ilk addımlarını atıb. İndi növbə Ermənistanın və onun siyasi rəhbərliyinindir”, - H.Hacıyev fikrini yekunlaşdırıb.