“Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən brifinqdə deyib.
H.Hacıyev bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən "Smerç"lərdən istifadə edir: “Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər şəhərləri atəşə tutur, gərginliyi daha da artırır. Hazırda münaqişə ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Ermənistan ərazisindən də Azərbaycanı atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün raketləri hazır vəziyyətə gətirib. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur. Çünki Azərbaycan beynəlxalq hüquqa əsasən təhlükəsizliyi təmin etmək üçün təhlükə yaradan hərbi hədəfləri vurmaq haqqına sahibdir. Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmişdi. Azərbaycan təhlükə mənbəyini neytrallaşdırmaq üçün beynəlxalq hüquqdan istifadə edərək tədbirlər görüb. Çünki biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalimizi hədəfə alır, xeyli sayda insan həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.