"Mina problemi ciddi beynəlxalq problemdir. Bu problem insan həyatı üçün davamlı təhlükə mənbəyidir".
“Report” xəbər verir ki, bunu Türkiyə parlamentinin sabiq spikeri Hikmət Çətin Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Türkiyənin Suriya ilə sərhəddə də oxşar problemləri var: “Münaqişələrin baş verdiyi bir çox ölkələrdə olmuşam və bu problemi oralarda da müşahidə etmişəm”.
O, sözügedən məsələ ilə bağlı fikir və təcrübə mübadiləsinin aparıldığı bu konfransın Azərbaycanda və digər ölkələrdə minatəmizləmə prosesinin aktivləşdirilməsinə əlavə təkan verəcəyinə ümidvar olduğunu deyib: “Bu tədbiri təşkil etdiklərinə görə Azərbaycana və BMT-yə təşəkkürümü bildirirəm”.
Gündəlikdə duran əsas məsələlər minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir.
Ümumilikdə, tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.