Bakı. 26 yanvar. REPORT.AZ/ "Məcburi köçkünlərin doğma yurdlarına qayıtması ilə bağlı "Repatriasiya haqqında" qanun layihəsi üzərində bir daha işləməliyik".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bugünkü komitə iclasında deyib.
O bildirib ki, layihənin hazırlanması üçün komitədə çoxlu materiallar var: "Dünyanın bir çox ölkələrinin sənədlərini toplamışıq. Cocuq Mərcanlı ilə bağlı Prezidentin sərəncamı həmin layihənin ilkin sorağıdır. Yəni, artıq həmin qanun layihəsini hazırlaya bilərik. Ölkə başçımız hər zaman məcburi köçkünlərə və qaçqınlara diqqət göstərir".
Komitə sədri onu da qeyd edib ki, məcburi köçkünlərlə bağlı Nazirlər Kabinetinin verdiyi qərar bu sahədəki neqativ halları aradan qaldıracaq, eləcə də ünvanlılığı təmin edəcək.