Gəncədə yaşayan Həsənovlar ailəsi səbirsizliklə Ağdama qayıtmağı gözləyir

Gəncədə yaşayan Həsənovlar ailəsi səbirsizliklə Ağdama qayıtmağı gözləyir Gəncə şəhərində müvəqqəti məskunlaşmış Ağdamdan olan məcburi köçkün ailəsi öz kəndlərinə gedəcəyi günü səbirsizliklə gözləyir.
Qarabağ
2966
19 Noyabr , 2020 23:42
Gəncədə yaşayan Həsənovlar ailəsi səbirsizliklə Ağdama qayıtmağı gözləyir

Gəncə şəhərində müvəqqəti məskunlaşmış Ağdamdan olan məcburi köçkün ailəsi öz kəndlərinə gedəcəyi günü səbirsizliklə gözləyir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Həsənovlar ailəsi Ağdamın Şıxpapaqlar kəndindəndir.

Ailənin başçısı Vaqif Həsənov tezliklə Ağdama qayıdacaqları barədə xəbəri böyük sevinc hissi ilə qarşıladıqlarını deyib: "Biz kənddən 1993-cü ildə çıxmışıq. İllərdir Ağdamın həsrətindəydik. Cənab Prezidentimizin xalqa müraciəti zamanı eşitdik ki, Ağdam qaytarılır. İnanın sevincimizdən gecə yata bilmədik. Allah Prezidentimizə can sağlığı versin, çox sevinirik ki, yurdumuza qayıdırıq".

Ailənin digər üzvü Kifayət Həsənova bildirib ki, yaşadıqları kənddə gedən kimi yaxınlarının qəbirlərini ziyarət edəcək.

"Bizim həyətdə təndir vardı, çörək bişirirdim. İnşallah kəndimizə qayıdanda həmin təndir dağıdılmış olsa belə, yenidən düzəldib çörək bişirəcəm", - deyə o qeyd edib.

V.Həsənovun qızı Rəvanə Həsənova Ağdamın uşaqlıq xatirəsi olduğunu deyib: "Mən orda olanda uşaq idim, kiçik bacımın bağçaya getdiyi vaxtları, həyətimizi az xatırlayıram. Çox sevinirəm ki, tezliklə Ağdama, kəndimizə qayıdacağıq. Bizə bu sevinci yaşadan şəhidlərimizə Allah rəhmət eləsin".

Həsənovlar ailəsi bütün məcburi köçkünləri öz yurdlarına qayıtmaları münasibəti ilə təbrik edib, dövlət başçısına bu sevinci onlara yaşadıqları üçün təşəkkür edib.

Qeyd edək ki, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılacaq.

Son xəbərlər

Orphus sistemi