“Ermənistanın Gəncəni raketlə atəşə tutması dinc əhaliyə qarşı müharibə cinayətidir”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.
O xatırladıb ki, 2020-ci il oktyabrın 17-də İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin beşinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasından iki il ötür.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi növbəti qanlı müharibə cinayəti 1992-ci ildə Xocalıda törədilən soyqırımıdır: “Bu vəhşiliklərə görə məsuliyyət daşıyan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bildirmişdi ki, bu soyqırımın məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olub. Bunu İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərdə də gördük”.
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də Gəncə şəhərinin raketlə atəşə tutulması nəticəsində evlər yerlə-yeksan olub, 15 nəfər həlak olub, 79 dinc sakin yaralanıb.