Azərbaycan ilə Ermənistan arasında etimad körpüsü qurulmalıdırmı?

Azərbaycan ilə Ermənistan arasında etimad körpüsü qurulmalıdırmı? Rauf Rəcəbov: "Qarabağda iki icma arasında barışıq məsələlərilə məşğul olmaq üçün xüsusi dövlət komitəsi və tərkibində sahəvi işçi qruplar yaratmağı təklif edirəm"
Qarabağ
25 Dekabr , 2020 09:36
Azərbaycan ilə Ermənistan arasında etimad körpüsü qurulmalıdırmı?

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən azərbaycanlılarla ermənilərin Qarabağda birgə yaşaya biləcəyinə, habelə yeni müharibə ehtimalına dair keçirilmiş rəy sorğusunda təsadüfən seçilmiş 603 nəfər iştirak edib. Sorğu iştirakçılarının 66,2 faizi Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşamasının heç vaxt mümkün olmayacağını, 19,4 faizi bir neçə ildən sonra mümkün olacağını, cəmi 4,8 faizi yaxın gələcəkdə mümkün olacağını bildirib.

Bu sorğunun məhdud sayda iştirakçıları olsa da, onun nəticələrini tamamilə əhəmiyyətsiz hesab etmək də səhv olardı. Qarabağda iki icmanın birgə yaşayışını, qarşılıqlı etimadını təmin etməyin yollarına dair fikirlərini politoloq, şərqşünas, Birinci Qarabağ müharibəsinin iştirakçısı Rauf Rəcəbov “Report”la bölüşüb.

- Bir vaxtlar torpaqlarımızın işğal altında olduğu, azərbaycanlıların etnik təmizləmələrə məruz qaldığı halda azərbaycanlılarla ermənilər arasında xalq diplomatiyasının nə dərəcədə məqbul olacağına dair mübahisələr gedirdi. Həmin vaxtlar hansı regional layihələr həyata keçirmisiniz və həmin layihələr indi də əhəmiyyətini saxlayırmı?

- Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ münaqişəsinin qaynar mərhələsi artıq tarixdir, yəni Azərbaycan ilə Ermənistan arasında hərbi qarşıdurma başa çatıb. İndi də Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının birgə yaşaması məsələsi ön plandadır. Hələ ümummilli lider Heydər Əliyevin sağlığında da, sonrakı dövrdə də Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu dəfələrlə dilə gətirmişik. Yəni onlarla dinc münasibətlər qurulmalı, erməni vətəndaşlarımız da Azərbaycan cəmiyyətinə qovuşmalıdırlar. Burada məsələnin iqtisadi, hərbi-siyasi cəhətlərini bir kənara qoyaraq yalnız humanitar tərəfindən, yəni bərpa edəcəyimiz dəyərlərdən danışacağam. Əfsuslar olsun ki, müharibə millətlərarası, dinlərarası, bir çox mənəvi, əxlaqi dəyərlərimizi məhv etdi. Lakin bunları necə bərpa edəcəyimizi hələ 2007-ci ildə düşünürdük.

O vaxt Qafqazın hər üç ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan tarixçilərindən ibarət bir komanda qurmuşduq. Bu komandaya həm ölkəmizdə, həm də xaricdə tanınan alimlərimiz profesorlar Rauf Hüseynzadə və uzun illər ərzində Avropa Şurasının eksperti çalışmış Aydın Aslanov da daxildi. Layihənin icra olunduğu beş il ərzində erməni və gürcü həmkarlarımızla ərsəyə gətirdiyimiz kitabların azərbaycanlılarla ermənilərin birgə yaşayışı məsələsi üçün çox mühüm olduğunu düşünürəm. Həmin kitablar “Cənubi Qafqaz ölkələrinin tarixinə dair məqalələr”, “Cənubi Qafqaz ölkələri tarixinə dair məqalələr”in çarpaz təhlili”, “Cənubi Qafqaz xalqları və ölkələrinin qonşuluq tarixinə dair müsbət misallar (rus və ingilis dillərində)”, “Tarix və kimlik: Cənubi Qafqaz və keçid dövrünü yaşayan başqa regionlar” (rus və ingilis dillərində), “Cənubi Qafqaz ölkələrinin məktəb dərsliklərinin çarpaz təhlili” bu gün də maraq doğurur. Bu kitablar geniş oxucu üçün, xüsusilə də xalqlar arasında sülh və əməkdaşlıq məsələlərilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər, siyasətçilər üçün nəzərdə tutulur.

Onu da deyim ki, Ermənistan və Gürcüstanın bir sıra dövlət ali məktəblərində hazırladığımız kitablar dərsdən kənar vəsait qismində istifadə olunur. Həmçinin üzv olduğumuz “EuroClio” Avropa Tarix Müəllimləri Assosiasiyası ilə də birgə layihə çərçivəsində Bakı, Sumqayıt, Biləsuvar şəhərlərində tarix tədqiqatlıarının yeni üsullarına dair təlim, seminar, ustad dərsləri keçirmişik. Tarix elmində hisslərə yox, yalnız həqiqi faktlara əsaslanaraq fikir yürütməyin xüsusi əhəmiyyəti var. Yalnız belə olan halda aramızda olan ixtilafları yoluna qoya, düşmənçiliyi mehriban qonşuluqla əvəzləyə bilərik. Bunun üçün Ermənistan rəhbərləri arasında lazımi iradənin olduğunu düşünmürəm. Onlar yalnız Azərbaycan ordusunun “dəmir yumruğu”na təslim olmaq məcburiyyətində qaldılar.

Bir neçə il bundan əvvəl üzərində işlədiyiniz layihələr nə dərəcədə faydalı olub? Çünki İkinci Qarabağ müharibəsindən sonra da Ermənistan ictimai rəyində hər hansı müsbət dəyişiklik görünmür.

ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib ki, Azərbaycan və Ermənistan xalqları üçün xalq diplomatiyası olduqca əhəmiyyətlidir. Bununla razılaşmamaq çətindir. Lakin Cənubi Qafqazda bu istiqamətdə həyata keçirilən layihələrin bir çoxu münaqişənin tərəfləri kimi Azərbaycan, Ermənistan, Dağlıq Qarabağı təqdim edərək ölkəmizin ictimaiyyətini bu saxta fikirə inandırmağa yönəldiyini qeyd etmək istərdim. Biz isə münaqişə və müvafiq olaraq danışıqlar prosesinin, habelə xalq diplomatiyasının tərəfləri kimi yalnız Azərbaycanla Ermənistanı görür, eyni zamanda Qarabağın azərbaycanlı və erməni icmalarını da müəyyən məqamlarda iştirakını məqbul sayırdıq. Azərbaycan hökumətinin siyasətinə tam uyğun olan bu mövqeyimiz nəticəsində Ermənistanda dərk etdilər ki, Azərbaycan hakimiyyətində kim olursa-olsun Qarabağın müstəqil olması danışıqlar mövzusu olmayacaq, ola bilməz.

Bütövlükdə, xalq diplomatiyasına qarşı bütün tənqidlərə baxmayaraq, vətəndaş cəmiyyəti nümayəndələri həyata keçirdikləri bütün layihələrdə Qarabağın Azərbaycan torpağı olduğunu əsas götürüblər, bunu etiraf etmək lazımdır. Bu fikir bizim də Gürcüstan və Ermənistan nümayəndələrilə birgə həyata keçirdiyimiz layihələrdə yeridilib.

Beləliklə, biz, əslində azərbaycanlılarla ermənilərin Qarabağda birgə yaşamaları üçün bir növ təməl qoymuşuq. Ermənistanda isə böyük əksəriyyət özlərini qalib zənn edərək göydən yerə enib həqiqətin üzünə ayıq gözlə baxa bilmirdilər, yalnız ayrı-ayrı ekspertlər, ictimai xadimlər regional yanaşmanın, regional əməkdaşlığın zəruri olduğunu dərk edirdi. Bunlardan biri, Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqorian Bakıda keçirilən konfransda iştirak edərkən gələcəyin təməlini bu gün atmaq zərurətini, yalnız keçmişlə yaşamağın mümkün olmadığı fikrini ortaya qoyurdu. Yeri gəlmişkən, prezident İlham Əliyev də son vaxtlar regionumuzda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Ermənistan, Rusiyanın iştirak edəcəyi altılı əməkdaşlıq platformu yaratmağın vacibliyini irəli sürərək də məhz gələcəyə nəzər salıb, gələcəyin qeydinə qalıb.

- Barışıq üçün tərəflərin hamısı bir-birinə doğru qarşılıqlı addımlar atmalıdır.

- Əlbəttə, indi bizim etimad körpüsü qurub-qurmayacağımızdan çox şey asılıdır. Fikrimcə, bunun üçün Azərbaycanla Ermənistan səviyyəsində, eyni zamanda Qarabağın azərbaycanlı və erməni icmaları səviyyəsində də işlər görülməlidir. Bu istiqamətdə 2005-2009-cu illərdə böyük neft şirkətləri konsorsiumu tərəfindən maliyyələşdirilən əhatəli bir proqram həyata keçirilsə də, Ermənistan tərəfinin həmin prosesə qondarma “DQR”i də qoşmaq cəhdləri üzündən nəticəsiz qalaraq xitam verildi. Elə onların bu pozucu mövqeyi son nəticədə 9 noyabr birgə bəyanatla başa çatan hadisələrə gətirib çıxardı. Bu gün qarşıda duran başlıca vəzifə bizimlə ölkəmizin erməni vətəndaşları arasında etimad körpüsü qurmaqdan ibarətdir.

Yeri gəlmişkən, ölkəmizdəki 125 seçki dairəsinin ikisi Şuşa və Xankəndində yerləşdiyinə görə oradan Milli Məclisə kimlərin seçiləcəyini bəri başdan düşünməliyik. Azərbaycan dövləti həm prezident, həm Xarici İşlər Nazirliyi səviyyəsində birgə yaşayışın mümkünlüyünü daim vurğulayır.

Etimad körpüsünün qurulması üçün nə lazımdır?

Xalq diplomatiyası düşmənçiliyə, mənfi ehkamlara son qoymaq üçün səmərəli üsuldur. Haqqında bəhs etdiyim layihələrlə bağlı topladığımız təcrübə hazırkı şəraitdə də kara gələ bilər. Burada Qafqaz xalqlarına tarixən xas olan, azərbaycanlılarla ermənilər arasında da daim özünü büruzə vermiş qarşılıqlı hörmət, mərdlik, şərəf, qeyrət, sülh məramı kimi mənəvi əxlaqi cəhətlər bünövrə rolunu oynamalıdır.

Tarix boyu bütün dünyada, o cümlədən Qafqaz xalqları arasında da müharibələr baş verib, əsas məsələ müharibədən sonra barışıq üçün mənəvi güc, təpər tapa bilməkdir. Məsələn, Qarabağda iki xalq arasında etimad qurmaq üçün tarixən mövcud olmuş kirvəlik adəti çox faydalı ola bilər. Yaxud keçmişdə belə bir adət vardı: qanlılardan biri iş dalınca harasa gedəndə ailəsini öz qanlısının evinə gətirib qoyar, həmin şəxs də evində sığınanların təhlükəsizliyini təmin etməyi şərəf məsələsi bilərdi.

Beləliklə, atalarımızın bizə qoyub getdiyi şərəf və mərdlik barışıq üçün möhkəm təməl ola bilər.

- Amma sosial şəbəkələrə nəzər yetirsək, həm Ermənistanda, həm də qismən bizdə barışıq meyllərinin o qədər də gözə dəymədiyi, daha çox qisasçılıq ovqatının hakim olduğu görünür.

- Bəli, həm Ermənistanda, həm də Qarabağ erməniləri arasında qisasçılıq əhval-ruhiyyəsinin güc gələcəyinə hazır olmalıyıq. Bu əhval-ruhiyyəni aradan qaldırmaq, onu qızışdıranların səylərini boşa çıxarmaq üçün müvafiq siyasət yeridilməlidir. Bu istiqamətdə həyata keçirilən, həmçinin keçiriləcək humanitar layihələri də yalnız və yalnız Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsi çox mühümdür. Çünki ABŞ, Fransa və digər ölkələrdən “DQR”in “müstəqilliyi”ni tanımaq barədə çağırışlar səsləndirilir və bunu xalq diplomatiyası layihələri vasitəsilə də həyata keçirməyə çalışacaqlıarı şəksizdir.

Qarabağda iki icma arasında barışıq məsələlərilə məşğul olmaq üçün xüsusi dövlət komitəsi və tərkibində sahəvi işçi qruplar yaratmağı təklif edirəm. Bu işi üzərinə götürə biləcək mütəxəssislərimiz, ekspertlərimiz yetərincədir. Ölkəmizdəki vətəndaş cəmiyyətinin bu vəzifənin öhdəsindən ləyaqətlə gələcəyinə əminəm.

Eleanora Abbasquliyeva

İngilis versiyası Building bridges of trust

Son xəbərlər

Orphus sistemi