Ermənilər Xocalı soyqırımının qurbanlarını qəbirdə də rahat buraxmayıblar... - REPORTAJ

Ermənilər Xocalı soyqırımının qurbanlarını qəbirdə də rahat buraxmayıblar... - REPORTAJ Düz 31 il əvvəl 1992-ci il fevralın 26-da dünya bəşər tarixinin ən dəhşətli qətliamlarından birinə şahid oldu. Tarixə qara ləkə kimi düşən soyqırımında erməni silahlıları yoluna çıxan hər kəsi - kişi, qadın, uşaq ayrı-seçkiliyi etmədən qətlə yetirdi.
Qarabağ
26 Fevral , 2023 09:28
Ermənilər Xocalı soyqırımının qurbanlarını qəbirdə də rahat buraxmayıblar... - REPORTAJ

Düz 31 il əvvəl 1992-ci il fevralın 26-da dünya bəşər tarixinin ən dəhşətli qətliamlarından birinə şahid oldu. Tarixə qara ləkə kimi düşən soyqırımında erməni silahlıları yoluna çıxan hər kəsi - kişi, qadın, uşaq ayrı-seçkiliyi etmədən qətlə yetirdi.

Erməni hərbçilərinin Xocalıda törətdiyi qətliamın acısı ilk günki kimi təzədir və həmin faciə Azərbaycan xalqının qan yaddaşına əbədi olaraq həkk olunub.

2020-ci il 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsilə azərbaycanlıların doğma torpaqlarına qayıtması, dağıdılmış olsa da yaşadığı evləri tapmağa çalışması, yaxınları-doğmalarının məzarlarını ziyarət etməsi sanki bir ənənə halını alıb. Xocalı sakinləri də artıq iki ildir ki, 26 fevral Xocalı soyqırımını həmin faciədə şəhid olan doğmalarının məzarı başında anır.

Bu il biz də Xocalı sakinləri ilə birgə Ağdam şəhərində yerləşən Şəhidlər xiyabanında olduq.

Beləliklə, “Report” buradan Şəhidlər xiyabanından reportajı təqdim edir:

Bu il də Xocalı faciəsindən sağ qurtulmuş azərbaycanlılar Ağdam Şəhidlər xiyabanına üz tutublar. 31 il keçməsinə baxmayaraq həmin kədər, ağrı-acı yaxınlarını itirmiş insanların simasında, göz yaşlarında, səsində təzəliyini qoruyur. Düşmən işğalı onların yaxınlarının məzarları başında yas tutmasına, dualar oxumasına imkan da verməyib. Bəlkə də Xocalı facisənin digər adı 30 illik məzar həsrətidir.

Şəhid məzarlarını ziyarət edərkən başdaşı üzərindəki şəkildən gənc və gözəl bir qadın nəzərimi özünə çəkir. Həmin qadın Zöhrə Quliyevadır. Zöhrə 32 nəfərin həyatını xilas edib və ölümündən sonra o zaman ölkə prezidenti, ümumilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. O, tibb bacısı, eyni zamanda da cəsur döyüşçü olub. Məzarı başında dayanan bacısı Nəzakət Quliyevadan Zöhrənin igidlikləri və necə şəhidlik zirvəsinə ucalması barədə xəbər alırıq.

 Nəzakət Quliyeva
Nəzakət Quliyeva

Bacısı deyir ki, 1991-ci ildə ermənilər Əskərandan gələn avtobusun sürücüsünü yaralayırlar. Bu zaman avtobusda olan Gəncə Tibb Texnukumunun ikinci kurs tələbəsi Zöhrə Quliyeva avtobusun sükanı arxasına keçərək 32 nəfəri həmin ərazidən çıxarır, yəni xilas edir. Bacısı Nəzakət xanım Zöhrənin bu hadisədən sonra Vətənə daha da bağlandığını deyir:

“Hadisələr baş verən vaxt özünümüdafiə batalyonuna könüllü olaraq qoşulur. Xocalı faciəsi zamanı qonşunun körpə uşağını, ata və anasını döyüşərək sağ çıxarmağı bacarır. Yolda gələrkən bir çox yaralı insana yardım edir. Təəssüf ki, Qaraqaya istiqamətində pusquya düşür və gülləsi bitənə qədər döyüşür, lakin qəhrəmancasına şəhid olur”.

Burada kimə yaxınlaşsan, kimə sual versən böyük bir faciə görmüş insanla qarşılaşacağın həqiqətdir. İnsanlar başına gələn faciələrdən danışanda baş verənlər hansısa dəhşətli bir filmdən səhnə kimi gözünün önündə canlanır.

Bu dəfə təkbaşına sakit-sakit ağlayan Elmira Həsənovaya yaxınlaşırıq. Ailə üzvülərindən nə az, nə çox düz 11 nəfəri Xocalı soyqırımında itirib. Atasını, anasını, qardaşını, bacısı, bacısı uşaqlarını erməni terroruna qurban verən Elmira xanım faciə zamanı sadəcə bir yaşlı körpəsini və öz canını qurtarmağı bacarıb.

Elmira Həsənova
Elmira Həsənova

Məzarlardan birinin başdaşında üç ayrı şəxsin - bir qadın və iki kişinin şəklinin əks olunduğunu görəndə həmin məzarın yanında dayanan qadına yaxınlaşmaq qərarına gəlirəm. Məlum olur ki, həmin qadın Sahibə Şükürovadır. O, fevralın 13-də uşaqları ilə birgə helikopterlə evakuasiya olunan Xocalı sakinlərindən biridir. Məzarın şəhid qardaşına aid olduğu deyir:

Sahibə Şükürova
Sahibə Şükürova

“Şəkildəki digər kişi qardaşım, qadın isə anamdır. Qardaşımla anamın cənazəsini çıxarmaq imkanımız olmadı. Onların xatirəsini anmaq üçün hər ikisinin şəklini qardaşımın məzar daşına həkk etdirmişik”.

Xocalı faciəsinin canlı şahidləri olan bu insanlar yaşadıqları azmış kimi yaxınlarının ermənilər tərəfindən dağıdılmış məzarlarını görəndə bir daha ağır sarsıntı keçirdiklərini deyirlər.

Belə ki, Vətən müharibəsindən sonra məzarların hər biri başdaşı olan hissədən qazılmış vəziyyətdə olub. Bunun nə üçün olduğunu sorğulayanda ermənilərin daha bir vəhşiliyi qanımızı dondurur: onlar ölən insanların ağzındakı qızıl dişləri çıxarmaq üçün bütün qəbirləri qazıb, bu azmış kimi, elə həmin formada da saxlayıblar...

Bizim ölümüzlə savaşan, məzarda yatan insanımıza belə hörmət etməyən düşmənimiz var.

Ötən gün diplomatlarımızdan biri Xocalı faciəsinin anım günündə haqlı bir fikir səsləndirib: “Əgər dünya Xocalı faciəsinə susmasaydı, bu gün həmin qətliama oxşar hadisələr yaşanmazdı”.

Azərbaycan 30 ilə yaxın müddət ərzində yenidən qan tökülməməsi, sülhün bərqərar olması üçün əlindən gələni etdi. Lakin Xocalı soyqırımı kimi vəhşiliyə əl atan yağı düşmən hər dəfə Azərbaycanın sülh çağırışlarını qulaqardı etdi.

Nəticədə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tarixi ədaləti və ölkəmizin suverenliyini bərpa etdi. Bu gün regionda diqtə edən tərəf Azərbaycandır. Bundan sonra da Azərbaycana və azərbaycanlıların təhlükəsizliyinə təhlükə törətmək istəyən qüvvələrə lazımi cavab veriləcəyindən isə artıq heç kimin şübhəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi