Bakı. 21 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb.