"BMT Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda erməni işğalçılarının törətdiyi dağıntıların canlı şahidi olub, bölgədə görülən bərpa işlərilə tanış olub".
“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, BMT nümayəndələri azad olunmuş ərazilərdəki mövcud vəziyyətə və şəhərsalma sahəsində hökumətin gördüyü yenidənqurma işlərinə xeyli maraq göstəriblər.
“Biz bərpa məsələsinə Azərbaycan hökumətinin yanaşmasını çatdırdıq, habelə Azərbaycan təcrübəsinin onlara faydalı ola biləcəyi məsələlərə dair fikir mübadiləsi apardıq. Ümidvaram ki, bu səfər onlara faydalı olar” – deyə ölkə prezidentinin nümayəndəsi qeyd edib.
Xatırladaq ki, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycana gəlib. Üç gün davam edəcək səfər çərçivəsində rəsmi şəxslərlə də görüşlər nəzərdə tutulur.