Elçin Əmirbəyov: “Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilməlidir”

Elçin Əmirbəyov: “Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilməlidir” “Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyinin nəticəsində yaranmış cəzasızlıq hissi Ermənistan rəhbərliyinin son hərbi avantüraya başlamasına səbəb olub".
Qarabağ
14775
30 Sentyabr , 2020 12:03
Elçin Əmirbəyov: “Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilməlidir”

Azərbaycan Respublikasının Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Fransanın “France24” telekanalının təşkil etdiyi və Ermənistan-Azərbaycan münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlamasına həsr olunmuş debatlar zamanı Azərbaycanın mövqeyini açıqlayıb.

“Report” xəbər verir ki, debatlarda Fransa və Böyük Britaniyadan olan politoloqlar - Tornike QordadzeLourens Brurs, habelə Fransanın Marsel Universitetinin siyasi elmlər doktoru Taline Papazyan da iştirak edib.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün, o cümlədən Dağlıq Qarabağın və Azərbaycanın ona bitişik yeddi rayonunun Ermənistan tərəfindən 27 ildən çoxdur davam edən qanunsuz işğalının nəticələri barədə ətraflı danışan E.Əmirbəyov qeyd edib ki, Ermənistanın son hərbi təxribatı və hücumu qanunsuz işğal, etnik təmizləmə və beynəlxalq humanitar hüququn çoxsaylı kobud pozuntuları nəticəsində münaqişə zonasında formalaşan və bütün dünya birliyi üçün qəbuledilməz olan status-kvonun konsolidasiyası üzrə Ermənistan strategiyasının daha geniş kontekstində nəzərdən keçirilməlidir.

Söylədiklərinin təsdiqi kimi E.Əmirbəyov Ermənistan tərəfindən son dövrlərdə törədilən bir sıra təxribatları - məsələn, iyul və avqust aylarında intensiv silah tədarükünü, Ermənistan hökumətinin 100 minə qədər hərbçini səfərbər etmələrinə dair planının elan edilməsini, etnik ermənilərin məskunlaşdırılmasının artırılmasını və işğal olunmuş ərazilərdə digər qanunsuz fəaliyyətləri, bölgəyə Yaxın Şərq ölkələrindən muzdlu döyüşçülərin və terrorçuların gətirilməsini, oktyabr ayında KTMT çərçivəsində Ermənistanda birgə təlimlərin keçirilməsinin planlaşdırılmasını və s. sadalayıb.

“Bu cür davranışların məqsədi Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək, münaqişənin aktiv fazasını yenidən ortaya çıxarmaq, üçüncü qüvvələri münaqişəyə öz tərəflərindən cəlb etməyə çalışmaq və bununla da sülh prosesini pozaraq işğal altındakı torpaqlara nəzarəti hələ uzun müddət qorumaq idi”, - o söyləyib.

Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan hazırda BMT Nizamnaməsinin 51-ci maddəsində göstərilən müddəalara uyğun olaraq, fərdi özünü müdafiə etmə və ərazisini qanunsuz xarici hərbi mövcudluqdan təmizləmək hüququnu həyata keçirərək öz suveren ərazilərində əks-həmlələr edir.

“Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyinin nəticəsində yaranmış cəzasızlıq hissi Ermənistan rəhbərliyinin son hərbi avantüraya başlamasına səbəb olub. Bu da Ermənistan rəhbərliyinin destruktiv və təxribatçı siyasətinin məntiqi davamıdır”, - o deyib.

Mövcud vəziyyətdə Türkiyənin fəallığının artması ilə bağlı sualı cavablandıran Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, Türkiyə heç də münaqişənin sülh yolu ilə həlli prosesində yeni sima deyil və ATƏT-in Minsk qrupunun yaranmasından bəri onun tamhüquqlu üzvüdür.

“Azərbaycanın müttəfiqi və ən yaxın dostu olan Türkiyə erməni təcavüzünün nəticələrini aradan qaldırmaqla, ilk növbədə, Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyulmaqla Cənubi Qafqazda ədalətli sülhün bərpasının tərəfdarıdır. Ermənistanın davamlı olaraq KTMT kimi xarici oyunçuları qazanmaq və onlardan dəstək almaq cəhdləri fonunda Türkiyənin mövqeyi və Azərbaycanla həmrəyliyi regional təhlükəsizlik kontekstində sabitləşdirici və tarazlaşdırıcı amil kimi qiymətləndirilməlidir.

Ermənistan mövcud status-kvonun qəbuledilməz olduğunu və buna görə dəyişdirilməli olduğunu anlamalıdır. Sonrakı ağır nəticələrdən yayınmaq üçün Ermənistan rəhbərliyi destruktiv siyasətini davam etdirməyin mənasız olduğunu etiraf etməli, hərbi təcavüzə son qoymalı və qeyd-şərtsiz nəticəyə yönəlmiş danışıqlar masasına oturmalıdır”, - E.Əmirbəyov fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi