“Azərbaycan və Ermənistana UNESCO missiyasının göndərilməsi ümumilikdə, bütün region ölkələrinə və onların inkişafına müsbət təsir edəcək”.
Bunu “Report”a rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bildirib.
Ekspert deyib ki, UNESCO mədəni irs və tarixi abidələrlə bağlı Azərbaycan və Ermənistan arasında kommunikasiya dəhlizlərindən biri olarsa, bu, hər iki ölkəyə müsbət təsir göstərəcək.
Onun sözlərinə görə, yüksək səviyyəli görüş Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində növbəti addım kimi müsbət qiymətləndirilməlidir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında videoformatda baş tutmuş görüşdə Azərbaycana və Ermənistana UNESCO missiyasının göndərilməsi ilə bağlı razılıq əldə olunub.