“Mövcud vəziyyətdə Azərbaycana irad tutmaq mümkün deyil. Çünki ötən illər ərzində Azərbaycan səbr edərək bu vəziyyəti həll etmək üçün əlindən gələni edib”.
Bu fikirləri “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində rusiyalı şərqşünas və türkoloq Yuriy Mavaşov Azərbaycanla Ermənistan arasında döyüş əməliyyatlarını şərh edərkən deyib.
“Hazırkı vəziyyət adi deyil. Bu, məhdud təxribat yox, həqiqətən, tammiqyaslı müharibədir. Hər iki tərəfin qızğın bəyanatlar verdiyinə görə onlar sonadək getmək əzmindədirlər. Bu, bir tərəfdən təhlükəli olsa da, belə baxanda başqa hansı variantlar qalıb? Axı sülh yönündə göstərilən bütün səylər, təəssüf ki, nəticəsiz qaldı”, – ekspert söyləyib.
O, Rusiyanın necə addımlar atacağını da müəmmalı olaraq dəyərləndirib: “Fikrimcə, Rusiya son dövrdə postsovet məkanındakı nüfuzunu xeyli dərəcədə itirib. Baş verən bir çox hadisədən, o cümlədən Belarusdakı vəziyyətdən sonra Rusiya bu münaqişədə necə vasitəçilik edə bilər? Açığı, bu məsələdə Rusiyanın heç bir rolunu görmürəm. Yenə də gəlin atəşkəs elan edək tipli çağırışlar etsinlər? Axı 30 ildir bunun səbəbləri aradan qaldırılmır. Yeni mexanizmlər yaradılmalıdır, amma bunu rəsmi Moskvanın və Ankaranın iştirakı ilə etmək lazımdır. Belədə daha dayanıqlı olar”.