“Qarabağda etiraz aksiyası keçirən azərbaycanlı ekoloji fəallar Qarabağda qanunsuz işlənən qızıl və mis-molibden mədənlərində ekoloji monitorinq üçün şərait yaradılmasını tələb edirlər”.
Bunu “Report”un hadisə yerində olan əməkdaşına açıqlamasında “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin əməkdaşı Jalə İsmayılova deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər, Azərbaycanın təbii sərvətlərinin mənimsənilməsi baş verir, üstəlik, işlər nəzarət olmadan, heç bir ekoloji qaydalara əməl edilmədən aparılır.
“Nəticədə ətraf mühitə böyük ziyan dəyir, çaylar və yeraltı sular ağır metallarla çirklənir. Uzun illər amansız istismara məruz qalan torpaqlarımızda, işğaldan azad edilmiş ərazilərimizdə vəziyyətə ədalətli qiymət verilməsini tələb edirik. Çünki torpaqlarımızda uzun illər ekosidlər törədilib: yanğınlar təşkil edilib, çaylar kimyəvi çirklənməyə məruz qalıb, sərvətlər qanunsuz istismar edilib. Dünya ekoloqlarına müraciət edirik: bu duruma biganə qalmayın”, - ekoloq bildirib.
Etirazçıların hər şeyə rəğmən aksiyalarda iştirakını davam etdirəcəyini vurğulayan J.İsmayılova qeyd edib ki, artıq sülhməramlıların postunun yaxınlığında çadırlar qurublar.