Avropa Şurasının (AŞ) insan hüquqları komisarı Dunya Miyatoviç Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsini asanlaşdırmaq üçün əməkdaşlığa çağırıb.
“Report” xəbər verir ki, bu barədə o, Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatların başa çatmasını təsbit edən üçtərəfli bəyanatın birinci ildönümü münasibətilə bəyanatında bildirib.
Qarabağda minalar və sair partlayıcı ləvazimatın yüksək dərəcədə cəmləşməsindən xəbərdar olduğunu qeyd edən AŞ komisarı hətta döyüşlərin dayandırılmasından sonra belə həmin minalar üzündən bir çox insanların, o cümlədən mülki şəxslərin ölməsindən və şikəst qalmasından dərin təəssüfünü ifadə edib.
D.Miyatoviç həmçinin Azərbaycan və Ermənistan hökumətlərini ifrat xəsarətlərə səbəb ola bilən və ya dolaşıq təsirə malik adi silahların tətbiqini qadağan və ya məhdudlaşdıran BMT konvensiyasını, onunla bağlı müvafiq protokolları təsdiqləməyə çağırıb.