Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının iştirakı ilə Qarabağın incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı virtual görüş keçirib.
Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, xaricdəki Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Qarabağ məktəblərinin təmsilçiləri, diaspor üzvləri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı bugünkü tarixi çıxışına yenidən birlikdə tamaşa ediblər.
Komitə sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızı bu misilsiz qələbə münasibətilə təbrik edib. O, qeyd edib ki, bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsi, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi qələbəsidir: “Mən Ali Baş Komandana sizin hər birinizin təşəkkürünü çatdırıram”.
Komitə sədri daha sonra bildirib ki, son illər dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənib, bu, Koordinasiya Şuralarının, Azərbaycan evlərinin yaranması ilə daha sıx müşahidə edilir: “Bu gün dünyanın hər yerində Qarabağa dəstək aksiyaları keçirilir, soydaşlarımız haqq səslərini daha ucadan qaldırırlar”.
Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Azərbaycan xalqını böyük qələbə münasibətilə ailələri adından təbrik edib və şanlı Ordumuza daha böyük uğurlar arzu edib.
Çıxış edənlər bildiriblər ki, Dövlət Bayrağı Günü ərəfəsində qədim şəhərimizin işğaldan azad edilməsi, müqəddəs bayrağımızın burada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir.
Serbiya, Polşa, Macarıstan, Slovakiya, İsveçrə, İsveç, Norveç, Finlandiya, Niderland, İngiltərə, İsrail, Kanada, Estoniya, Latviya, Litva, Yunanıstan, Danimarka, Çex Respublikası, İtaliya, Malta, İspaniya Krallığı, ABŞ, Almaniya, Fransa, Avstriya, Avstraliya, Türkiyə və Rusiyadan 54 soydaşlarımızın iştirak etdiyi görüşdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun əvəzsiz xidmətləri, keçirilən etiraz aksiyalarının əhəmiyyəti barədə də danışılıb, diasporun təşkilatlanmasının mühüm nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb.