“Qarabağ ermənilərinin reinteqrasiyası üçün xüsusi modellər düşünmək kimi niyyətimiz yoxdur və bu, olmamalıdır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov Qarabağın erməni sakinləri üçün uğurlu reinteqrasiya modelindən danışarkən deyib.
Onun sözlərinə görə, ilk olaraq reinteqrasiya və inteqrasiya prosesləri arasında fərqi dərk etmək lazımdır.
Deputat bildirib ki, bu gün Qarabağın erməni sakinlərinin reinteqrasiyası üçün çoxsaylı modellərdən danışılır, Aland adaları və Xorvatiya modelləri, Slovakiyanın macar azlığı və Fələstin formulları gündəmə gətirilir.
Ancaq deputatın fikrincə, qeyd edilən modellərin hamısı faktiki inteqrasiya modelləridir:
“Qarabağ erməniləri regiona 1804-1828-ci illər arası köçürülərkən Azərbaycan cəmiyyətinin xoş niyyəti və qonaqpərvərliyi nəticəsində bu inteqrasiya heç bir əlavə tədbirlərə ehtiyac duyulmadan baş tutub. Ermənilər İran, Osmanlı və Yaxın Şərqdən Azərbaycana köçürüldükdən sonra 150 ildən artıq bir dövrdə bölgədə heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayıblar. Lakin ötən əsrin 80-ci illərinin sonundan uydurma ideyaların əsirinə, üçüncü güclərin alətinə çevrilən Qarabağ erməniləri bu düzəni pozub, separatizmə yuvarlanıblar. İşğalçı Ermənistanla birgə hərəkət edən separatçılar 30 il davam edən müharibəyə yol açdılar. 30 illik işğal və təcavüz, genişmiqyaslı urbisid, kulturasid və ekosid cinayətlərinin ardınca Azərbaycanın şanlı qələbəsi, Ermənistanın və havadarlarının yerlə-yeksan edilməsi yaşandı. Ardınca Qarabağ ermənilərinin yenidən Azərbaycan cəmiyyətinə qovuşması isə inteqrasiya yox, reinteqrasiya sayılır. Yəni yenidən inteqrasiya”.
B.Məhərrəmov vurğulayıb ki, Vətən müharibəsi başa çatdıqdan sonra regionda tamamilə yeni geosiyasi situasiya yaranıb.
Onun sözlərinə görə, işğal və təcavüz faktını 30 il “Kin state” formatı ilə pərdələməyə çalışan Ermənistan yeni geosiyasi reallıqda artıq Qarabağın “öz müqəddəratını təyin etməsi” ideyasından imtinaya və daha çox təhlükəsizlik təminatlarına köklənməyə məcbur olub:
“Müharibədən dərhal sonra siyasi iradə və beynəlxalq hüquqa sadiqlik nümayiş etdirərək sülh prosesi başladan Prezident İlham Əliyev ilk gündən aydın sərhəd müəyyən edərək Azərbaycan-Ermənistan sülh prosesi və Qarabağın erməni sakinləri məsələsinin ayrı-ayrı proseslər olduğunu bəyan edib. İrəvan bu formulu qəbul etmək istəməsə də, istər Brüssel, istər Moskva, istərsə də Vaşinqton proseslərində Prezident masada göstərilən iki istiqamətin ayrıca saxlanılmasına nail oldu. Növbəti mərhələdə - bu ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsi təsis olunmaqla hüquqi cəhətdən Azərbaycanın daxili məsələsi sayılan Qarabağın erməni icmasının haqq və təhlükəsizliyi üzərində Azərbaycanın suverenliyi faktiki-fiziki formada da təmin edildi. Beləliklə, Qarabağ ermənilərinə münasibətdə yeganə müzakirə mövzusu onların Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələsi oldu”.
B.Məhərrəmov söyləyib ki, Azərbaycan Prezidentinin bu prosesdə mövqeyi kifayət qədər birmənalı və aydındır, vətəndaşlığımızı qəbul edib Azərbaycan qanunları ilə yaşayacaq ermənilər bütün konstitusion haqlara sahib olacaq, qəbul etməyənlər üçün isə qapı açıqdır:
“Ermənilərin bizim cəmiyyətlə kifayət qədər uzun sürmüş dinc birgəyaşayış təcrübəsi var. Bu gün Azərbaycanın paytaxtı və digər bölgələrində Qarabağ iqtisadi rayonunda olandan daha çox erməni sərbəst formada yaşayaraq vətəndaşlıq hüququnun təminatlarından azad formada istifadə edir. Ümumiyyətlə, digər azlıqlarla bağlı Azərbaycanda heç bir sual yaradan məqam yoxdur, talış da, ləzgi də, tat da, udilər də Azərbaycan dövlətçiliyinin keşiyində ləyaqətlə dayanan şərəfli vətəndaşlardır. Münaqişədən sonra məsələnin həssaslığını nəzərə alırıq. Təbii ki, spesifik bərpa dövrünə ehtiyac var, lakin Qarabağ ermənilərinə əlahiddə yanaşmaya, onlara konstitusion prinsiplərə və bərabərlik hüququna zidd olaraq əlavə üstünlük təmin edilməsindən söhbət gedə bilməz. Yəni hazırda hansısa inteqrasiya formullarını axtarmaqla biz bu gün məsələləri sadəcə mürəkkəbləşdirə bilərik”.
Milli Məclisin deputatı hesab edir ki, bu mənada Qarabağ ermənilərinin reinteqrasiyası üçün xüsusi modellər düşünmək kimi niyyətimiz yoxdur, olmamalıdır. O bildirib ki, ən gözəl modeli elə Prezident təklif edib:
“Nə qədər ki, əfv qapısı açıqdır, nə qədər ki, Azərbaycan Prezidenti şans yaradır, Qarabağın erməni sakinləri çiçəklənən, inkişaf edən Azərbaycan dövlətinin vətəndaşı, qalib Azərbaycan cəmiyyətinin bir parçası olmaq imkanından yararlanmalıdır. Əks halda, dalana dirənən Ermənistanın “dənizdən dənizə” ideyasının qurbanına çevrilməklə onlar da “divardan divara” reallığı ilə üzləşməli olacaqlar”.