“Burada hər şey dağıdılıb...”

“Burada hər şey dağıdılıb...” 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ uğrunda müharibə çoxsaylı etnik təmizlənmə ilə yadda qalıb
Qarabağ
21 Noyabr , 2020 12:05
“Burada hər şey dağıdılıb...”

Noyabrın 20-də İtaliyanın nüfuzlu və çoxsaylı oxucu kütləsinə malik “la Repubblica” qəzetinin veb səhifəsində həmin qəzetin Azərbaycana ezam olunmuş müxbiri Pietro del Renin hazırladığı “Müharibədən sonra Azərbaycana səfər: dağılmış kəndlər və partlamamış bombalar arasında” adlı videoreportajı yayımlanıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, videoreportajı Füzuli rayonu ərazisinə Ermənistan ordusu tərəfindən döyüş əməliyyatları zamanı atılan qadağan olunmuş fosforlu bombanın zərərsizləşdirilməsi kadrları ilə başlayan jurnalist Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərazilərə səfər edərkən sonsuz kilometrlərlə uzanan dağıntılarla dolu dəhşətli bir mənzərənin şahidi olduğunu bildirir.

Jurnalist deyir: “Biz Füzulidəyik, daha doğrusu, şəhərin qalıqlarında. Burada yaşayan on minlərlə azərbaycanlının Ermənistan qoşunları tərəfindən qovulmasından 30 il sonra. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ uğrunda müharibə çoxsaylı etnik təmizlənmə ilə yadda qalıb. Burada hər şey dağıdılıb”.

Daha sonra irəlilədikcə qarşılaşdığı mənzərəni “Qafqazın Anqkor Vatı” (Angkor Wat) adlandıran jurnalist qədim kxmerlərin paytaxtı olan Anqkor Vat kimi bu ərazilərin də baxımsızlıqdan ot örtüyünə büründüyünü qeyd edib. “Burada heç bir şey qalmayıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat deyil. Yolboyu biz digər dağıdılmış, yalnız ruhların dolaşdığı kəndləri görürük. Dağıdılmış müsəlman məzarlıqları, döyüşlərdə məhv edilmiş tanklar...”.

Reportajı daha sonra Füzulidə işğal dövründə erməni silahlı qüvvələrinə məxsus olmuş postlardan birində davam etdirən jurnalist erməni əsgərləri tərəfindən silah-sursatlarını ataraq tələsik bir formada tərk edildiyi təəssüratını yaradan mənzərə ilə qarşılaşdığını bildirib.

Jurnalist Füzulinin iki həftə öncə azad edildiyini diqqətə çatdırır.

Reportajında 67 il əvvəl burada doğulduğu evinin dağılmış qalıqları arasında olan Füzuli şəhər sakini Fadiyə Qəhrəmanovanın müsahibəsinə yer verən jurnalist qeyd edir ki, son 10 illiklər ərzində Bakıdan kənarda sığınacaqda məcburi köçkün həyatı yaşayan F.Qəhrəmanova Füzuliyə ilk dəfə qayıdır. Qadın bildirir ki, ermənilər qızıl dişləri götürmək məqsədilə yerli məzarları açıblar. Onun arzusu bu ərazilərə qayıtmaqdır. Daha sonra qadın Azərbaycan xalqına qarşı törədilmiş soyqırımından bəhs edir və Azərbaycan Ordusunun qalib gəlmək əzmini həm də bununla əsaslandırır.

Reportajında, həmçinin ermənilərin yaşadıqları evləri azərbaycanlılara verməmək üçün yandıraraq tərk etdiyini bildirən jurnalist bu addımın torpaqları tərk edən ermənilər tərəfindən Azərbaycana qarşı nifrət əlaməti kimi dəyərləndirildiyini vurğulayır.

Reportajında 3 gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuliyə səfərinə toxunan jurnalist Prezidentin sözlərinə istinadən qısa zaman ərzində Füzuli rayonunun yenidən bərpa ediləcəyini və 1993-cü ildə Ermənistan qoşunları tərəfindən qovulmuş on minlərlə məcburi köçkünün qayıtması üçün lazımi şəraitin yaradılacağını bildirir.

Son xəbərlər

Orphus sistemi