Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Belçikanın Brüssel şəhərində Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçiriblər.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib.
Belə ki, əllərində girovların şəkillərini tutan QHT təmçilçiləri onların qanunsuz həbsinə etiraz edib və azadlığa çıxmalarını tələb ediblər.
Aksiyada Qubad İbadoğlu ilə yanaşı, digər QHT-lərin sədrləri - Sahib Məmmədov, Samir Əliyev, Vüqar Bayramov, Əvəz Həsənov və başqaları iştirak ediblər.
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.