“Partlamamış hərbi sursatlar və minalar iqtisadiyyatın və bir çox digər sahələrin inkişafını ləngidir”
“Report” xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin üzvü Metyu Offord mayın 26-da Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, minatəmizləmə fəaliyyəti Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir.
Deputat bildirib ki, Azərbaycan minatəmizləmə fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib bəndlərdən biri kimi müəyyənləşdirib: “Mina əleyhinə fəaliyyət mütləq milli planlarda nəzərə alınmalıdır. Bu baxımdan bütün dünya Azərbaycanı nümunə kimi qəbul edir”.
Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır – işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub (57-i həlak olub, 245-i yaralanıb). Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb.
Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur.
“Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verir.
Konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar panel müzakirələrdə iştirak ediblər. Onlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olublar.
İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.