"Ermənilərin Qarabağda törətdiyi dağıntılar, ərazilərin minalanması, memarlıq abidələrinin məhv edilməsi bütün sivil dünya üçün dəhşətli hadisələrdir".
Bunu "Report"a açıqlamasında Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər qrupunun tərkibində bu gün Ağdama səfər edən "Tv Brasil" telekanalının braziliyalı müxbiri Flavia Peixoto deyib.
"Mən buradan çox uzaqda yerləşən Braziliyada yaşayıram. Burada baş verənlər, bu gün gördüklərim məni çox kədərləndirdi", - jurnalist bildirib və ermənilərin Qarabağda yerləşən Azərbaycanın tarixi abidələrinə münasibətindən məyus olduğunu ifadə edib.
"Gördüklərim məni şoka saldı. Bu, mənim üçün yeni bir reallıqdır", - o əlavə edib.