BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam şəhərində yerləşən Pənahəli xanın sarayı və “İmarət” stadionu ilə tanış olub.
“Report” xəbər verir ki, vaxtilə işğal altında olmuş ərazilərdə yerləşən digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın sarayının da ermənilər tərəfindən təhqir edildiyi və dağıntılara məruz qaldığı nümayəndə heyətinin nəzərinə çatdırılıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Burada Qarabağ xanlığının banisi Pənahəli xanın, müxtəlif illərdə xanlığa rəhbərlik etmiş İbrahimxəlil xanın və onun oğlu, xanlığın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın qəbirləri yerləşir. Erməni vandalları, həmçinin İbrahimxəlil xanın məqbərəsini və Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
Nümayəndə heyəti ermənilərin Ağdamdakı Cümə məscidində törətdikləri vəhşilikləri, Ağdam Dövlət Dram Teatrının dağıntılarını öz gözləri ilə görüb. UN-HABITAT-ın icraçı direktoruna ermənilərin hərbi cinayətləri, mədəni, tarixi və dini abidələri dağıtdıqları barədə məlumat verilib.
“Biz bunu unutmamalıyıq, bu, bizim tariximizdir. Bir vaxtlar qələbəlik bir şəhər olan Ağdam tamamilə dağıdılıb”, - Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Xatırladaq ki, Azərbaycana 3 günlük səfər çərçivəsində UN-HABITAT proqramının icraçı direktoru Maimuna Mohd Şərif ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.