Böyük Britaniyada formalaşan və tərkibinə 12 ölkədən olan beynəlxalq səyahətçilərin daxil olduğu qrup Füzuli rayonunda olub, İşıqlı kəndində minatəmizləmə əməliyyatlarını izləyiblər.
“Report”un xəbərinə görə, qonaqlara rayonun minalardan təmizlənən ərazisində görülən işlər barədə məlumat verilib.
Daha sonra onlara ərazidə aşkar edilmiş və zərərsizləşdirilmiş mina nümunələri nümayiş etdirilib.
Səyyahlar həmçinin Füzuli ərazisində tapılan minanın partladılma yolu ilə zərərsizləşdirilməsinə də şahidlik ediblər. Britaniya təmsilçisi Cennifer Dvoraka minanı uzaqdan partladan mexanizmi işə salmaq imkanı verilib. O, bu gün ad gününü qeyd etdiyi üçün ona bu fürsət verilib.
Səyahətçilərin azad edilmiş ərazilərə səfərləri davam edir.