Bakı. 31 yanvar. REPORT.AZ/ “Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilmiş Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə edilən müraciətə və Həsən Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunun qaldırdığı cinayət işi ilə əlaqədar güman edirəm ki, beynəlxalq qurumlar ədalətli qərar qəbul edə biləcəklər”. “Report”un məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov təəssüflə bildirib ki, indiyə qədər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar qaldırmaq istədikləri təşəbbüslər nəticə verməyib: “20 ildən çoxdur ki, Azərbaycan əraziləri işğal altındadır. Ancaq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq, erməni tərəfi işğal etdiyi Azərbaycan ərazilərini azad etməkdən imtina edir. Buna görə də, beynəlxalq qurumların qəbul edəcəyi qərarların ədalətli olması və yaxud da ədalətli qərar qəbul edərlərsə də, həmin qərarların yerinə yetirilməsi ilə bağlı azərbaycanlılarda böyük inanmsızlıq yaranıb”.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan tərəfi istənilən məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək: “Bu prosesin özü Ermənistanın nə qədər təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir”.