Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov məqalə yazıb.
"Report" həmin məqaləni təqdim edir:
Yaşadığımız regionda uzun müddət ərzində beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən, dövlətimizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını pozan, sil-silə beynəlxalq cinayətlər – soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilə müşahidə olunan Ermənistanın beynəlxalq hüquqa açıq aşkar zidd olan təcavüzünə döyüş meydanında son qoyularaq, tarixi ədalət bərpa edildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mükəmməl hərbi strategiyanın nəticəsi olaraq 44 günlük Vətən müharibəsində düşmən de-fakto və de-yure kapitulyasiya etdi. Azərbaycan artıq tarixə qovuşan münaqişənin dinc diplomatik yollarla, danışıqlar masası arxasında həll edilməsinin tərəfdarı olsa da, beynəlxalq səviyyədə və ilk növbədə ATƏT-in Minsk qrupu tərəfindən heç bir əməli fəaliyyət nümayiş etdirilmədi. Ən yaxşı halda Minsk qrupu münaqişənin guya hərbi vasitələrlə həlli yolunun olmaması barədə bəyanatlarla kifayətlənirdi, bu isə nəticədə keçmiş dövrdə mövcud olan və qətiyyən Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanmasından başqa heç nəyə xidmət etmirdi. Hətta Azərbaycan Ordusu əks-hücum əməliyyatları apararkən Minsk qrupunun həmsədrləri dəfələrlə qeyd edilən məsələdə israrlı olduqlarını nümayiş etdirərək, münaqişənin həlli üçün qarşılıqlı kompromislərin qaçılmaz olduğunu bildirirdilər. Belə yanaşmaya beynəlxalq hüquqa əsaslanan qətiyyətli cavab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan edilmişdir - Azərbaycanın ərazi bütövlüyü, ümumiyyətlə, müzakirə mövzusu deyil.
ATƏT-in Minsk qrupunun fəaliyyət qabiliyyətsizliyi 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində özünü əyani formada biruzə vermişdir.
Baxmayaraq ki, BMT-nin Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə birmənalı olaraq, ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq edilirdi, digər tərəfdən beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı, Baş Assambleyada 62/243 saylı qətnamənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin əleyhinə səs vermişlər.
Qətnamənin mətninə müraciət edəndə aydın olur ki, bu sənədin beynəlxalq hüquq prinsiplərinə əsaslanması, ümumiyyətlə, heç bir sual doğurmurdu. Qətnamədə Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində göstərilən işğalçı qüvvələrin Azərbaycanın ərazisindən “dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması”, heç bir dövlət tərəfindən işğal nəticəsində yaranmış vəziyyətin tanınmaması və belə vəziyyətin davam etməsinə səy göstərməməsi və s. mühüm məsələlər əksini tapmışdır. Burada sual olunur ki, 62/243 saylı qətnamənin əleyhinə çıxan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri BMT Nizamnaməsində təsbit edilmiş məqsəd və prinsipləri nəyə görə bir kənara qoyub, işğalçı Ermənistanın yanında yer almağa üstünlük vermişlər? Nəyə görə həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini, məsələn, silah embarqosunu, tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yummuşlar, müharibə cinayəti kimi tövsüf olunan qanunsuz məskunlaşmanın və işğal altinda olan ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinin qarşısının alınması üçün lazımi addımlar atmamışlar? Belə görünür ki, Azərbaycanın möhtəşəm qələbəsi ilə bitən münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması beynəlxalq vasitəçiləri daha çox qane edib. Ancaq hər bir halda nəzərə almaq lazım idi ki, Azərbaycan heç zaman mövcud vəziyyətlə razılaşmayacaq və öz torpaqlarını işğaldan azad edəcək. Dövlətimizin döyüş meydanında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsi bir daha nümayiş etdirdi ki, qüdrətli Azərbaycan böyük Zəfərə imza atdı və beynəlxalq hüququn fundamental normaları və prinsiplərinin bərpasında acizlik göstərən ATƏT-in Minsk qrupuna tarixi dərs verdi.