Azərbaycanlı alimlər məşhur tibbi jurnalda erməni feykini ifşa etdilər

Azərbaycanlı alimlər məşhur tibbi jurnalda erməni feykini ifşa etdilər "Elmi etnosentrik baxışlarla siyasiləşdirmək elmin həyatımıza müsbət təsirini sarsıdır"
Qarabağ
17 Fevral , 2021 11:07
Azərbaycanlı alimlər məşhur tibbi jurnalda erməni feykini ifşa etdilər

Azərbaycanlı alimlər “Lancet” elmi-tibbi jurnalında ermənilərin layiqli cavabını verərək onların saxta məlumatlarını ifşa edib və elmi siyasiləşdirməməyə çağırıblar.

Bu barədə “Report” jurnaldakı məqaləyə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl Ayrazat Kazaryan və həmkarları Ermənistanda COVID-19 hadisələrinin sayının artmasının ötən ilin sonlarına doğru Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanaraq müharibə fazasına keçməsi ilə əlaqədar olduğunu bildirmişdilər. Azərbaycanlı alimlər isə öz növbəsində cavab məqaləsində erməni həmkarlarının bəyanatının elmi məlumatları COVID-19 statistikasını və faktları təhrif etmək, mühüm tarixi konteksti diqqətə almamaq yolu ilə siyasiləşdirmək cəhdi olduğunu açıq şəkildə nümayiş etdiriblər.

Azərbaycanlı alimlərin fikrincə, 2020-ci ilin sentyabr ayının əvvəllərindən etibarən qlobal miqyasda COVID-19-a yoluxma hallarının artmasının əsas səbəblərinə daha soyuq hava və daha aşağı rütubət, açıq havada toplanışdan qapalı məkanda görüşlərə keçid, habelə müəssisələrin və məktəblərin açılması aiddir. Hərbi münaqişə pandemiyanı kəskinləşdirsə də, gündəlik yoluxma hallarının sayında kəskin artım münaqişədəki son gərginlikdən əvvəl başlayıb. Belə artım Azərbaycan və Ermənistanla qonşu olan, münaqişədən kənar qalan Gürcüstanda da qeydə alınıb.

“Biz Kazaryan və həmkarlarının Ermənistanla Azərbaycan arasındakı münaqişənin tarixi ilə bağlı bəzi açıqlamalarına aydınlıq gətirməyə çalışırıq. Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmiş və etnik təmizlənməyə məruz qalmış Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir. Ötən əsrin 80-ci illərinin sonlarında münaqişənin başlanmasından bəri 1 milyondan çox etnik azərbaycanlı evlərini tərk edib ki, bu da böyük humanitar fəlakətə səbəb olub. Beynəlxalq vasitəçilərin iştirakı ilə 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, barışıq əldə olunmayıb.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün regionlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Kazaryan və həmkarları son döyüşlərdə Ermənistan tərəfdən dinc sakinlərin öldüyünü qeyd edirlər. Ancaq onlar Ermənistanın Azərbaycanın münaqişə zonasından xeyli kənarda yerləşən, sıx məskunlaşma olan şəhər və kəndlərinə hücumlar nəticəsində mülki əhali arasında 414 nəfərin yaralandığını və 94 nəfərin öldüyünü nəzərə almırlar.

Bundan əlavə, Ermənistan silahlı qüvvələri ağır artilleriyadan, qadağan edilmiş kasetli döyüş silahlarından və uzaq mənzilli raketlərdən istifadə ediblər. 2020-ci il noyabrın 10-da Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanan və hərbi əməliyyatların dayandırılmasına, beynəlxalq hüququn bərpasına və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına başlanılan atəşkəs razılaşmasını alqışlayırıq”, - məqalədə deyilir.

Bundan əlavə, Azərbaycan alimləri səhiyyə işçiləri olaraq onları hamılıqla tanınan insan hüquqları və insan həyatının dəyərinə inamın birləşdirdiyini əlavə ediblər: “Elmi etnosentrik baxışlarla siyasiləşdirmək elmin həyatımıza müsbət təsirini sarsıdır. Hamımızın elmdən siyasi məqsədlər üçün istifadə etmədən sülhü təbliğ etməyə və hərbi münaqişələrin qarşısını almağa çalışması vacibdir”.

Son xəbərlər

Orphus sistemi