Azərbaycan səfiri Kiyevdə tələbələr qarşısında Donbas və Qarabağ münaqişəsindən danışıb

Azərbaycan səfiri Kiyevdə tələbələr qarşısında Donbas və Qarabağ münaqişəsindən danışıb Kiyev Milli Linqvistika Universitetində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və səfirliyin ikinci katibi Təranə Sadıqova tərəfindən görüş keçirilib.
Qarabağ
22 Sentyabr , 2021 20:38
Azərbaycan səfiri Kiyevdə tələbələr qarşısında Donbas və Qarabağ münaqişəsindən danışıb

Kiyev Milli Linqvistika Universitetində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və səfirliyin üçüncü katibi Təranə Sadıqova tərəfindən görüş keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, əvvəlcə səfir ilə universitetin rektoru professor Roman Vaskonun görüşü baş tutub. Görüş zamanı səfir vurğulayıb ki, Azərbaycan dilinin tədris olunduğu qrupa yeni tələbələr qəbul edilməlidir. Roman Vasko isə deyib ki, universitet Azərbaycan dilinin tədris edildiyi qrupda tələbələrin sayının artırılmasında maraqlıdır: “Bu istiqamətdə lazımi tədbirlər görüləcək”.

Daha sonra səfir Şərqşünaslıq fakültəsinin tələbələri qarşısında mühazirə söyləyib. Mühazirədən əvvəl Azərbaycan və Ukraynanın himnləri səsləndirilib.

Mühazirə zamanı E. Axundova bildirib ki, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında qazandığı möhtəşəm qələbələr haqqında bundan sonra çox kitablar yazılacaq, filmlər çəkiləcək:

“Bəziləri buna II Qarabağ savaşı deyir, amma biz Vətən Müharibəsi deyirik. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi”, - deyə, o əlavə edib.

Tələbələrlə sual cavab zamanı səfir ona ünvalanan Donbas münaqişəsi ilə bağlı da danışıb. “Donbas ilə Qarabağ münaqişəsinin fərqi ondadır ki, Donbasda indi də əhali qalıb yaşayır, amma Qarabağda azərbaycanlıları öldürüb, sağ qalanı da qovmuşdular”, - qeyd edən səfir tələbə Aleksandr Kozirin Donbas və Qarabağ münaqişəsinin fərqli və oxşar cəhətləri ilə bağlı sualını ətraflı cavablandırıb.

Sonra səfir universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin işi ilə tanış olub. Mərkəzin direktoru İntiqam Şıxızadə bildirib ki, mərkəz 2013-ci ildə SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb. Burada tələbələr Azərbaycan dili üzrə təhsil alır. Universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri filologiya elmləri namizədi Anastasiya Pojar isə bu ali təhsil ocağının Azərbaycanla əlaqələri barədə ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi