"Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı imzalanan bəyanatı hər şeydən əvvəl nəinki bu dövlətlər, eyni zamanda region üçün tarixi əhəmiyyətli bir sənəddir. Sənəd münaqişənin hərbi fazasının bitməsi və sülh yolu ilə işğal altında olan digər ərazilərimizin Azərbaycana qaytarılmasını özündə ehtiva edir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına uyğun olmaqla yanaşı, Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərin qəbul edilməsidir: “Çünki cənab Prezident deyirdi ki, Ermənistanın baş naziri öhdəlik götürsün və qrafik əsasında torpaqlarımızın işğaldan azad olunmasına imza atsın. Sənəddə həmin qrafik öz əksini tapıb. Qrafikə əsasən, Ermənistan öz qoşunlarını noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçından Ermənistan istiqamətində çıxaracaq. Azərbaycan isə azad etdiyi bütün mövqeləri saxlayacaq. Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti isə olduqca məhdud saydadır. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir. Sənəddə həmçinin qeyd edilib ki, ilk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər”.
Deputat bildirib ki, sənədin digər önəmli məqamlardan biri Naxçıvanın blokadasına son qoyulmasıdır: "Burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Hesab edirəm ki, bu bəndin olduqca xüsusi əhəmiyyəti var.Çünki hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İmzalanmış sənədlə isə ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi isə Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Fikrimcə, bu bir daha onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil”.
“Sənəddə ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Tənzimlənmə prosesində Türkiyənin iştirakının reallaşacaq və Türkiyə sülhməramlıları Rusiya sülhməramlıları ilə birgə fəaliyyət göstərəcək. Bildiyiniz kimi cənab Prezident hər zaman münaqişənin həlli prosesində Türkiyənin də iştirak etməli olduğunu bəyan edirdi. İndi isə Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Qardaş ölkənin hərbçilərinin prosesdə iştirakı isə ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq", - deyə C. Osmanov bildirib.