Azərbaycan Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Özbəkistan və Türkiyəyə təşəkkür edib
- 02 avqust, 2022
- 09:06
“Azərbaycan Özbəkistan və Türkiyəyə ərazilərin azad edilməsindən sonra Qarabağ bölgəsinin bərpasında göstərdikləri dəstəyə görə təşəkkür edib”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının ilk iclasının yekunları üzrə türkiyəli və özbəkistanlı həmkarları - Mövlud Çavuşoğlu və Vladimir Norovla birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, o, görüş zamanı həmkarlarını regiondakı postmünaqişə dövrü ilə bağlı vəziyyət, o cümlədən Azərbaycanın sülh istiqamətində səyləri barədə məlumatlandırıb.
O xatırladıb ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.
C.Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması, nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.